Accessibility links

22 gündür aclıq edən jurnalistə Qırmızı Xaç Komitəsinin nümayəndələri baş çəkib


22 gündür aclıq edən jurnalist Polad Aslanova dünən, fevralın 21-də 1 saylı Cəzaçəkmə Müəssisəsində Qırmızı Xaç Komitəsinin nümayəndələri baş çəkib.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

"Onlar mənə məlumat verdilər ki, Poladı soyuq yerdə saxlayırlar və bunu koloniya rəisinin diqqətinə çatdırıblar. O, yer məsələsini həll edəcəyini vəd edib. Ancaq 14 gün ərzində Polad karantində olacaq, buna görə də heç bir görüş və telefon danışığımız olmayacaq," Gülmirə Aslanova bildirib.

O, həyat yoldaşının durumundan narahat olduğunu deyib.

“Çünki üç həftədən çoxdur ki, aclıq edir və soyuq yerdə saxlanması onun vəziyyətinin kəskin şəkildə pisləşməsinə səbəb ola bilər. Polad Aslanov hər an komaya düşə bilər. O, aclığa başlayanda çəkisi 44 kiloqram idi. Bu gün Ədliyyə Nazirliynin Baş Tibb İdarəsinin həkimləri Poladı müayinə edib. Həkim də dedi ki, o hər an komaya düşə bilər. Həkim həmçinin dedi ki, Polad Aslanovun beyni yaxşı qidalanmır, o bu aclıqdan sonra şikləst qala bilər,” Aslanova bildirib.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O,12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və Bakı Apellyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırıb.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG