Accessibility links

Türkiyə və Azərbaycan Gürcüstan-Amerika hərbi təlimlərinə qoşula bilər


Hərbi təlim
Hərbi təlim

Gürcüstanın müdafiə idarəsi gələn il artıq briqada səviyyəsində hərbi təlimlər keçirməyi planlaşdırır

Türkiyə və Azərbaycan 2014-cü ildə Gürcüstan-Amerika birgə hərbi təlimlərinə qoşula bilərlər,

Turan agentliyinin məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya aprelin 2-də Gürcüstan KİV-lərinə bildirib.

Alasaniyanın sözlərinə görə, Gürcüstanın müdafiə idarəsi gələn il artıq briqada səviyyəsində hərbi təlimlər keçirməyi planlaşdırır ki, “bu da hərbiçilərimizin daha güclü və çətin vəzifələri həll etməsinə kömək edəcək və onların döyüş hazırlığını artıracaq”.

“Bununla əlaqədar olaraq biz ilk növbədə Amerika tərəfi ilə danışıqlar aparırıq. Çox güman ki, bu təlimlərə region ölkələri də qoşulacaq. Təbii ki, biz bunu gizləmirik, bizim Türkiyə və Azərbaycanla xüsusi hərbi əməkdaşlığımız var. Biz artıq üçtərəfli danışıqlar aparırıq, habelə birgə qərargah təlimləri keçirilib. Bundan irəli gələrək, biz hesab edirik ki, iştirakçılar coğrafiyası genişlənərsə, bu, ilk növbədə bu iki ölkəyə aid olacaq”, deyə Alasaniya bildirib.

Bazar ertəsi başa çatan Agile Spirit 2013 Gürcüstan-Amerika birgə hərbi təlimlərinə qiymət verən Gürcüstanın müdafiə naziri qeyd edib ki, bu təlimlər Gürcüstanı NATO ilə daha da yaxınlaşdırıb.

“Bu, batalyon bölmələri səviyyəsində keçirilən təlimlər idi. Təlimlər Amerika tərəfi ilə birgə qərargah yaradılması və bu əməliyyatlara onların rəhbərlik etməsi ilə fərqlənirdi. Bundan irəli gələrək, birgə qərargah təlimləri Amerikalı həmkarlarımız və NATO ilə qarşılıqlı fəaliyyəti daha da dərinləşdirib”, deyə nazir qeyd edib.

Martın 11-də başlamış Agile Spirit 2013 Gürcüstan-Amerika birgə hərbi təlimlərində ABŞ dəniz piyadaları korpusunun 350 hərbiçisi və Gürcüstan Silahlı Qüvvələrilin ikinci piyada briqadasının 23-cü batalyonu iştirak edib.
XS
SM
MD
LG