Accessibility links

Bidzina İvanişvili: Qars-Tbilisi-Bakı dəmir yolu istismara verildikdən sonra Gürcüstanda yük dövriyyəsi azala bilər


Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın baş naziri Bidzina İvanişvili dekabrın 26-da Azərbaycana ilk rəsmi səfərə gələcək. Bu barədə o, dekabrın 24-də keçirilən mətbuat konfransında bildirib.

Yanvarda İvanişvilinin Ermənistana səfəri planlaşdırılıb. Bundan sonra Türkiyəyə gedəcək.
Turan agentliyinin məlumatına görə, B.İvanişvili Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə mənfi münasibətini bildirib. O əsasən bu dəmir yolu magistralı istismara verildikdən sonra hazırda mövcud “Gürcüstan Dəmir Yolları” istiqamətində yük dövriyyəsinin azala biləcəyindən ehtiyatlanır.

“Layihə çox maraqlıdır, lakin ilkin mərhələdə iqtisadi xarakterli məsələlər qalır. Əsasən Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu istismara verildikdən sonra ölkənin “köhnə” dəmir yolu ilə yük dövriyyəsi, Gürcüstan limanlarında olduğu kimi azala bilər”, - baş nazir vurğulayıb.

İvanişvili ümidvar olduğunu bildirib ki, sonda sözügedən problem tənzimlənəcək.
Bununla yanaşı o qeyd edib ki, dekabrın 26-da Azərbaycana nəzərdə tutulan səfəri zamanı Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsini müzakirə etmək niyyətində deyil.

“Bu məsələ üzərində qrup işləyir və bu, kifayətdir. Mən Bakı səfəri zamanı məsələni müzakirə etmək fikrində deyiləm”, - İvanişvili vurğulayıb.

Bundan əvvəl İvanişvili “Rezonansi” qəzetinə müsahibəsində bildirmişdi ki, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu magistralının tikintisi bir sıra suallar doğurur.

“Ola bilsin ki, Azərbaycana səfərim zamanı bu məsələləri qaldırdım və bizə dost ölkəyə yumşaqcasına bildirdim ki, hansısa mərhələdə bu, bizim üçün faydalı olmayacaq və bu məsələnin nizamlanması lazımdır”, - o qeyd etmişdi.

Öz növbəsində Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, sözügedən dəmir yolu magistralının inşasından imtina “Gürcüstanı Avropadan uzaqlaşdırar və Rusiyadan asılı vəziyyətə sala bilər”.
XS
SM
MD
LG