Şahin Xiyavlının sözlərinə görə, güneydə insan haqları pozuntuları halları ilə bağlı xəbərlərin yayılması üçün gərəkli potensial mövcüd olsa da bunu həyata keçirəcək yetərli kadr yoxdur.
Güneyli hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında milli fəallar, eləcə də muxtəlif ictimai qruplar və cəmiyyətlərə qarşı tətbiq edilən ayrıseçkilik və basqıların xəbərlərinin yayılması ilə bağlı problemləri şərh etməklə yanaşı, ümumiyyətlə insan haqları pozuntularının yerli və benəlxalq mediada əks edilməsinin önəmi haqqında danışıb.
Media başda olmaqla fəallar və siyasi təşkilatlarımız insan haqları sahəsində ictimai həssaslığın yüksəlməsi, insan haqlarının milli hərəkatda populyar bir düşüncə halına dönüşüb, hərkəs tərəfindən mənimsənib sahib çıxılması və müdafiə edilməsinə zəmin yaratmalıdırlar.Şahin Xiyavlı
Şahin Xiyavlı insan haqları xəbərlərinin düzgün yayılmamasına səbəb olan əsas problemlərdən güneyli fəallar arasında bacarıqlı kadrın mövcüd olmaması, habelə mili hərəkat daxilindəki media, təşkilat və qrupların maraqsızlığına işarə edib.
“Media başda olmaqla fəallar və siyasi təşkilatlarımız insan haqları sahəsində ictimai həssaslığın yüksəlməsi, insan haqlarının milli hərəkatda populyar bir düşüncə halına dönüşüb, hərkəs tərəfindən mənimsənib sahib çıxılması və müdafiə edilməsinə zəmin yaratmalıdırlar,” deyə Norveçdə mühacirətdə yaşayan fəal toplumda insan haqları dəyərlərinin yayılmasının önəmini vurğulayıb.
Onun dediklərinə görə, bir toplumda insan haqları pozuntuları ilə bağlı xəbərlərin yayılması toplumu maarifləndirərək cəmiyyətin aydınlanması və azadca formalaşmasına zəmin yaradar.
Şahin Xiyavlı həmçinin qonşu ölkələr və beynəlxalq medianın dilində xəbər yazmağın önəmini önə çəkib:
“Uluslararası toplum və qonşu ölkələrdə insan haqları qurumları və qeyri-hökümət təşkilatlarını bilgiləndirmək və onların diqqətini çəkmək üçün xəbərlər onların dilində yazılmalı və onlara göndərilməlidir.”