Güneyli hüquq müdafiəçisi Elçin Hatəmi Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında insan haqları pozuntuları ilə bağlı yeni məlumatları şərh edib. Türkiyədə mühacirətdə yaşayan güneyli fəal ötən həftələrdə Urmiyə şəhərində icra edilən edam hökmləri, Şərqi Azərbaycan vilayətində erkən yaşda evləndirilən qız uşaqları, Ərdəbil vilayətində kəndlilərin ərazisinin zəbt edilməsi, eləcə də güneyli məhbusların durumu və mühakimə edilən milli fəallar haqqında danışıb.
Elçin Hatəminin sözlərinə görə, “Muğan bölgəsində Zingir kəndində əhalinin örüş və otaracaq yerləri İranın sərhəd hərbi qərargahı tərəfindən zəbt edilib. Bu günə qədər kəndlilərin dövlət orqanları o cümlədən, məhkəmə qurumuna müraciətləri nəticəsiz qalıb.”
Hüquq müdafiəçisi Şərqi Azərbaycan vilayətində erkən yaşda evləndirilən uşaqlarla bağlı yayılmış yeni statistikanı dəyərləndirib. Onun dediklərinə görə, 1392 günəş ilində (2012-2013) Şərqi Azərbaycanda 4488 nəfər yaşı 15-dın az olan uşağın evləndirilməsi faktı qeydə alınıb. Bunların üçü 10 yaşdan kiçik uşaqlar olub.
“İranda qız uşaqlarının erkən yaşda evləndirilməsi bir ənənə halına gəlib. İran İslam Respublikasının nikah dairələri nikahları qeydə almaqla özünün də imzaladığı BMT-nin uşaq haqları konvensiyasının ziddinə hərəkət edir,” deyə Hatəmi söyləyib.
İranda qız uşaqlarının erkən yaşda evləndirilməsi bir ənənə halına gəlib. İran İslam Respublikasının nikah dairələri nikahları qeydə almaqla özünün də imzaladığı BMT-nin uşaq haqları konvensiyasının ziddinə hərəkət edir.
Güneyli fəal təbrizli jurnalist Həsən Ərk və rəqs müəllimi olan qızı Solmazın nəzarət altına alınaraq mühakimə edilməsi, milli fəallar Hüseyn Əli Məhəmmədi və Taha Kirmaninin mühakiməsi, tanınmış jurnalist Səid Mətinpurun Evin həbsxanasından Zəncan zindanına və milli fəal Yürüş Mehrəlibəylinin Culfa zindanından Təbrizə köçürülməsi ilə bağlı məlumat verib.
Yaxın zamanlarda həyata keçirilmiş edam hökmləri haqqında məlumatı Amerikanın Səsi ilə paylaşan Elçin Hatəmi narkotik qaçaqçılığı ilə ittiham edilən dörd məhkumun Urmiyə zindanında asıldığı, həmçinin dini dəyərləri təhqir etməkdə günahlandırılan Möhsün Əmiraslani Zəncaninin Kərəcin Rəcayi-şəhr zindanında edam edildiyini bildirib.