“Mən sizi əmin edirəm ki, həyat yoldaşınızın işinə Ali Məhkəmədə obyektiv baxılacaq və ədalətli qərar veriləcək.”
Bu barədə baş prokuror Kamran Əliyev bu gün, yanvarın 18-də həbsxanada 13 gündür aclıq edən Xeberman.com saytının təsisçisi Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanovanı qəbul edərkən bildirib.
Baş prokuror Gülmirə Aslanovanı yanvarın 17-də bu qurumun binası qarşısında aksiya keçirəndən sonra qəbul edib. Aslanova dünənki aksiyası zamanı baş prokurorla görüş və həyat yoldaşı ilə bağlı işin yenidən istintaqa qaytarılmasını tələb edib.
Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu günki qəbul zamanı baş prokuror Kamran Əliyev onu sonadək dinləyib.
“Baş prokuror aclıq aksiyasının Poladın səhətinə ziyan veridyini, bundan narahat olduğunu və aksiyanı dayandırmasını bildirdi,” Aslanova qeyd edib.
Polad Aslanovun səhətinə gəlincə, həyat yoldaşı deyib ki, dünən onunla telefonla danışıb.
“Poladın səhətində geriləmələr davam edir. Onun tövşəmələri artıb, nəfəs ala bilmir, boğulur. Ötən şənbə ürəyini yoxlayıblar, qan analizi və digər analizlər götürüblər. Analizlərin nəticələri barədə məlumat vermirlər. Ancaq, Poladın səsi çox zəif idi,” o qeyd edib.
Gülmirə Aslanozv deyib ki, bu gün həyat yoldaşı ilə görüşməyə çalışacaq və Polad Aslanovdan bir daha aclığı dayandırmasını xahiş edəcək.
“Mən onun aclığı dayandırmasına çalşacam. O çox çəki itirib, orqanizmi zəifləyib, hər an vərəm ola bilər.”
Aslanova hesab edir ki, həyat yoldaşına qarşı irəli sürülən dövlətə xəyanət ittihamı nə istintaqda, nə də məhkəmədə sübut olunmayıb.
“Polad Aslanov vətənini sevən insandır. O vətənə xidmət edib, yəni hərbi xidmətdə olub, evə dönəndən 2 ay 4 gün sonra necə vətənə xəyanət edə bilər. Mən Polad Aslanovun günahsız olduğuna adım kimi əminəm,” o qeyd edib.
Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidməti baş prokuror Kamran Əliyevin juranlistin həyat yoldaşı Gülmirə Aslanovanı qəbul etdiyini Amerikanın Səsinə təsdiq edib.
Jurnalistin kassasiya şikayətinə Ali Məhkəmədə fevralın 3-də hakim Hafiz Nəsibovun sədliyi ilə baxılacaq.
Polad Aslanov yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.
Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.
2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.
Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.
Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.