Accessibility links

Əli Əhmədov: Gülər Əhmədova YAP-ı Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib


YAP sədrinin müavini Əli Əhmədov
YAP sədrinin müavini Əli Əhmədov

Deputatın rüşvət qalmaqalı faktı üzrə cinayət işi başlanıb

“Yeni Azərbaycan” Partiyası (YAP) partiyanın üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsi ilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir”.
Bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
YAP-ın rəsmi saytının yayadığı məlumata görə, Əli Əhmədov deyib ki, birmənalı şəkildə, bu hərəkətlər YAP-ın prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır.

“Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə YAP-ı Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirib. Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir”, - YAP-ın sədr müavini bildirib.

Gülər Əhmədovanın dələduzluq hərəkətlərini qətiyyətlə pisləyən sədr müavini xüsusi vurğulayıb ki, ayrı-ayrı adamların qanunazidd hərəkətləri ölkədə həyata keçirilən siyasətin üzərinə kölgə salmaq iqtidarında deyil.

Əli Əhmədov “Qanunçuluq, şəffaflıq, korrupsiyaya qarşı barışmaz mübarizə və s. kimi mənəvi dəyərlər və fəaliyyət prinsipləri hakimiyyətin əsasını təşkil edir. Qanunu pozanlar, mənəviyyatını itirənlər, dələduzlar isə həmişə ifşa olunub, olunur və bundan sonra da ifşa olunacaq. Dələduzların “yardımı” ilə layiq olmadığı səlahiyyətlərə yiyələnmək istəyənlərin cəhdlərinin boşa çıxması, əslində, məlum videogörüntü qalmaqalının ortaya çıxartdığı mühüm reallıqdır” - deyə, nəzərə çatdırıb.

O qeyd edib ki, videogürüntülərdə əks olunan faktlarla əlaqədar artıq cinayət işi açılıb. Hüquq-mühafizə orqanları öz üzərlərinə düşən zəruri araşdırmaları aparır və inanır ki, hər kəsin əməlinə qanun çərçivəsində ədalətli qiymət veriləcək.

Respublika Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Videoda Elşad Abdullayev deputat seçilməsi üçün yüksək vəzifəli şəxslərə deputat Gülər Əhmədova vasitəsi ilə verdiyi 500 min dollar və verəcəyi daha 500 min dollardan (ümumilikdə 1 miyon dollar) bəhs edilir.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-portret, video və audioyazıların kriminalistik ekspertizaları təyin edilib, müvafiq orqanlara tapşırıqlar göndərilib, zəruri sorğular və əməliyyat tapşırıqları verilib.

Hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG