Accessibility links

Gülər Əhmədova: Mən Elşad Abdullayevi Fransadan gətirtdirə bilərdim


Gülər Əhmədova (Foto Publika.az saytından götürülüb)
Gülər Əhmədova (Foto Publika.az saytından götürülüb)

Keçmiş deputatı 12 ilədək həbs gözləyir

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın işi üzrə oktyabrın 31-də keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının, vəkilin və hakimlərin suallarını cavablandırıb.

Gülər Əhmədova fırıldaqçılıqda və başqasının xüsusilə böyük ölçüdə əmlakını mənimsəməkdə və ağır cinayəti gizlətməkdə ittiham olunur. Hər iki maddə üzrə onu əmlakı müsadirə edilməklə 12 ilədək həbs gözləyir.

Onun həbsinə Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolar səbəb olub. Gizli kamera ilə çəkilmiş bu kadrlarda Əhmədova və onunla əlbir olan Sevinc Babayevanın Abdullayevdən deputat seçilməsi üçün 1 milyon dollar aldığı barədə söhbət gedir.

Oktyabrın 31-də o, bir daha təkrar edib ki, 2005-ci ildə Elşad Abdullayevlə seçicilərinin - ABU tələbələrinin və onların valideynlərinin müraciəti ilə əlaqədar görüşüb. Rektor bu insanları aldadıb və onlar hüquqlarının müdafiə olunmasını xahiş ediblər, deyə Əhmədova iddia edib.

Daha sonra o, onun Abdullayevlə söhbətinin iştirakçısı olan Sevinc Babayevanın Türkiyəyə göndərilməsində əli olduğunu inkar edib.

Qalmaqallı video yayıldıqdan sonra o, Babayevanı evinə dəvət edib və ertəsi gün birlikdə prokurorluğa getməyi təklif edib. Lakin Babayeva müalicə zərurətinə istinad edərək, Türkiyəyə gedəcəyini bildirib.
Əhmədova Babayeva Türkiyəyə getdikdən sonra onunla telefonla əlaqə saxladığını təsdiq edib. Bundan başqa, o, iki dəfə Babayevanın müalicəsi üçün pul göndərib. Əhmədova Babayeva barəsində axtarış elan olunduğunu bilmədiyini deyib.

Videomaterial ortaya çıxdıqdan sonra Əhmədova hipertoniya böhranı keçirib, iki dəfə intihar etməyə cəhd edib, buna görə doğmaları ona qəzet vermirdilər.

17 dekabr 2012-ci ildə Gürcüstana getmək cəhdlərinə toxunan Əhmədova bildirib ki, o, ölkədən çıxışına qadağa qoyulduğundan xəbərsiz idi. O, istintaqdan gizlənmək istədiyi barədə ehtimalları təkzib edib. Onun sözlərinə görə, Azərbaycanda guya “jurnalistlərin diqqətini cəlb etdiyi üçün” onu müalicə etmək istəmirdilər.

Bu zaman Əhmədova Gürcüstana getməsinə icazə verilmədikdən dərhal sonra Bakı prokurorluğunda verdiyi ifadələrdən imtina edib. Bu ifadələrdə o, Abdullayevə 500 min manat qaytarmağa hazır olduğunu bildirib. Bu gün o, ifadəni “güclü psixoloji təzyiq altında” verdiyini bəyan edib.

Əhmədovanın sözlərinə görə, o, Abdullayevin Azərbaycana gətirilməsi üçün istintaqa öz xidmətlərini təklif edib. Bu zaman o, “Fransada yaxşı əlaqələrinə” istinad edib, belə ki, 10 il parlamentlərarası dostluq qrupuna rəhbərlik edib və Fransa Senatının keçmiş spikeri Kristian Ponsele ilə şəxsin tanışdır.

“Mənə imkan versəydilər, Abdullayevi böhtana görə məsuliyyətə cəlb etdirərdim. Fransada belə şeylər baş vermir, videoya görə heç kimi ittiham etmirlər”, deyə Əhmədova bildirib.

Daha sonra prosesdə şahidlər ifadə verməyə başlayıblar.
XS
SM
MD
LG