Accessibility links

Türkiyədə dövlət çevrilişini təşkil etməkdə ittiham olunan din xadimi Fətullah Gülən vəfat edib


Türkiyədə və onun hüdudlarından kənarda güclü İslam hərəkatı quran, lakin sonrakı illərini Türkiyə lideri Tayyib Ərdoğana qarşı dövlət çevrilişinə cəhdi təşkil etmək ittihamları ilə üzləşən ABŞ-da yaşayan din xadimi Fətullah Gülən vəfat edib. Onun 83 yaşı var idi.

Gülənin moizələrini dərc edən "Herkul" internet saytı X hesabında Gülənin bazar günü axşam saatlarında müalicə aldığı ABŞ xəstəxanasında dünyasını dəyişdiyini bildirib.

Gülən bir zamanlar Ərdoğanın müttəfiqi idi. Lakin sonradan onların yolları ayrıldı və Ərdoğan 2016-cı hərbçilər tərəfindən döyüş təyyarələri, tanklar və helikopterlərlə çevriliş cəhdinə görə məsuliyyəti onun üzərinə qoydu. Hakimiyyəti ələ keçirmək cəhdi zamanı 250-yə yaxın insan öldürüldü.

1999-cu ildən ABŞ-da mühacirətdə yaşayan Gülən iğtişaşlarda iştirakını inkar etsə də, onun hərəkatı Türkiyə tərəfindən terror qruplaşması kimi tanınıb.

Xarici işlər naziri Hakan Fidan onun ölümünü təsdiqləyərək, onu "qaranlıq təşkilatın" lideri kimi xarakterizə edib və Türkiyənin qruplaşmaya qarşı mübarizəsinin davam edəcəyini bildirib.

"Ölkəmizin terrorla qətiyyətli mübarizəsi davam edəcək və onun ölüm xəbəri bizi heç vaxt arxayın etməyəcək", Fidan mətbuat konfransında deyib.

Davamçılarının fikrincə, türkcə mənası "xidmət" olan "Hizmet" kimi tanınan Gülən hərəkatı Qərb tipli təhsil, azad bazarlar və dinlərarası ünsiyyəti təşviq edən mötədil İslamın anlayışını yaymağa çalışıb.

Uğursuz çevrilişdən sonra onun hərəkatı Türkiyədə sistematik şəkildə dağıdılib və onun beynəlxalq nüfuzu azalıb.

Tərəfdarları tərəfindən Hocaəfəndi və ya hörmətli müəllim kimi tanınan Gülən 1941-ci ildə Türkiyənin şərqindəki Ərzurum vilayətinin kəndlərindən birində anadan olub. Bir imamın oğlu olaraq, o, Quranı erkən yaşlarından öyrənib.

1959-cu ildə ölkənin şimal-qərbindəki Ədirnə şəhərində məscidə imam təyin edilən Gülən 1960-cı illərdə ölkənin qərbindəki İzmir vilayətində vaiz kimi məşhurlaşıb, orada tələbə yataqxanaları qurub və çay evlərində dini təbliğ edib.

Bu tələbə evləri sonrakı onilliklərdə təhsil, biznes, media və dövlət qurumları vasitəsilə yayılan qeyri-rəsmi şəbəkənin əsasını qoydu.

Onun təsiri Türkiyənin hüdudlarından kənara çıxaraq, məktəblər şəbəkəsi vasitəsilə Orta Asiya, Balkanlar, Afrika və Qərbdəki türk respublikalarına yayıldı.

Forum

XS
SM
MD
LG