"Green card" haqda nə bilirik? İldə bir dəfə lotoreya olur, bəxti gətirən qazanır. Lakin qrinkard almağın başqa yolları da var. Bu dəfə köməyimizə bəxtimiz yox, zəhmətkeşliyiniz gəlir. Bu haqda miqrasiya üzrə ixtisaslaşan vəkil Endryu Consonla danışdıq.
Onun sözlərinə görə, Amerikada xarici vətəndaşlara iş vizası açmaq məqsədilə "green card" verilir. Hər il təqribən 110 min nəfər bu yolla Amerikada yaşamaq haqqı qazanır. Bunların bir hissəsi mütəxəssislər olur, məsələn Apple şirkətinin dəvət etdiyi alman mühəndisləri kimi. Bir sıra böyük şirkətlər isə, heç bir ixtisası olmayan sadə işçi qüvvəsini də həmin yolla Amerikaya gətirməyə başlayıb. Məsələn, 10 min işçisi olan təmizlik şirkətləri var. Bu sektor Amerikanın ən böyük şirkətlərinə xidmət edir. Amma Amerika vətəndaşları orada 3 aydan çox işləmir. Buna görə də, təmizlik şirkətləri dövlətə müraciət edib bildirirlər ki, işçiyə ehtiyacları var. Dövlət bu tələbə uyğun olaraq iş yerlərini doldurmaq üçün xaricdən gələn adamları iş vizası və "green card" la təmin edir.
Xaricdən gələn insan sadəcə bir şərti yerinə yetirməklə özünə də, ailəsinə də "green card" qazanır: Ailədən yalnız bir nəfərin bu şirkətdə ən az bir il işləməsi şərtdir. Bütün sənədləşmə prosesi 1-2 il çəkir və "green card" bütün ailəyə verilir. Ər, arvad və yaşı 21-dən kiçik olmaq şərtilə uşaqlar 10 illik "green card" əldə edirlər. Son nəticədə bu insanlar Amerika vətəndaşı olurlar. Bu insanların əmək haqqı yaşadıqları ştata görə dəyişir, amma təxminən saatı 9-11 dollardır. Həftədə 40 saat işləyirsən. İşlər müxtəlifdir, alış veriş mərkəzinin təmizliyindən tutmuş toyuğu sümüyündən ayırmağa kimi. Hal-hazırda xarıcdən dəvət olunan işçilər Texas, Kaliforniya və Nevada ştatlarına dəvət alır.
Bu proqram artıq 30 ildir ki, yaranıb. Yeganə dəyişiklik odur ki, əvvəllər ixtisaslaşmış insanlar gətirilirdi, indi isə heç bir ixtisası olmayan insanlar da bu proqramla "green card" əldə edə bilir.
Vəkil bildirib ki, 18-55 yaş arası hər kəs baş vura bilər. İngilis dilini bilmək vacib deyil və bu insanın başqa peşəsi də ola bilər. Yəni, həkimindən tutmuş, orta məktəb təhsili olmayana qədər hər kəs bu vizaya baş vura bilər. Yeganə baş vura bilməyən insanlar öz ölkələrində cinayət törətmiş şəxslərdir.