Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Dövlətlər Qrupu (GRECO) iyunun 3-də videokonfrans formatında brifinq keçirib və illik məruzəni təqdim edib.
GRECO-nun prezidenti Marin Mrçela və qrupun icraçı katibi Canluka Espozito parlamentarilər, hakimlər və prokurorlar, həmçinin mərkəzi hakimiyyət orqanları arasında korrupsiyanın qarşısının alınmasına dair tədbirlər haqda məruzə təqdim ediblər.
“Korrupsiya vətəndaşların demokratiya və demokratik institutlara olan inamını qırır. Ona görə də korrupsiyaya qarşı mübarizədə səmərəli tədbirlərin həyata keçirilməsi və şəffaflığın dəstəklənməsi dövlət orqanları üçün prioritet olmalıdır. Ötən il üzv dövlətlər irəliləyişə nail olublar, lakin onlar GRECO-nun tövsiyələrinin tam yerinə yetirilməsi üçün səylərini artırmalıdırlar,” Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç deyib.
GRECO prezidenti Marin Mrçela dövlət qurumlarına cavabdeh olan şəxslərin barəsində korrupsiya faktlarının geniş yayılmasından narahatlığını bildirib.
2019-cu ildə üzv ölkələrin GRECO-nun tövsiyələrinə əməl etməsi bir qədər artıb, lakin ilin sonuna kimi tövsiyələr ancaq 36% yerinə yetirilib.
Yerinə yetirilən tövsiyələrin ən aşağı səviyyəsi parlamentarilər (27%), hakimlər və prokurorlarla - 37% və 46% bağlı olub.
Azərbaycana gəlincə, 31 dekabr 2019-cu ildəki vəziyyətə görə, ölkə 21 tövsiyədən 13-nü (62%) tam yerinə yetirib. Beş tövsiyə qismən (24%) yerinə yetirilib, 3 tövsiyə yerinə yetirilməyib (14%).GRECO-nun məruzəsindən sitat
“Bu, insanların siyasətə olan inamının çox aşağı olmasının səbəbini xeyli dərəcədə izah edir,” GRECO prezidenti bildirib.
2919-cu ilin sonunda 18 ölkədə vəziyyət qiymətləndirilib. GRECO-nun hüquq-mühafizə orqanlarına dair tövsiyələri davranış kodeksi, xidmətdə irəliləmə və işdən çıxarılma, maraqların toqquşması, işəgötürmədə məhdudiyyətlər və məlumatlandırıcıların müdafiəsi ilə bağlı olub.
Azərbaycana gəlincə, 31 dekabr 2019-cu ildəki vəziyyətə görə, ölkə 21 tövsiyədən 13-nü (62%) tam yerinə yetirib. Beş tövsiyə qismən (24%) yerinə yetirilib, 3 tövsiyə yerinə yetirilməyib (14%).
31 dekabr 2019-cu il tarixinə olan vəziyyətə görə, Azərbaycan deputatların (50%), hakimlər və prokurorların (57%) barəsində GRECO tövsiyələrinin ən böyük hissəsini yerinə yetirən 10 ölkə arasında olub.
Korrupsiyaya Qarşı Mübarizə Dövlətlər Qrupu (GRECO) Avropa Şurasının orqanıdır. Qurumun məqsədi AŞ üzv olan dövlətlərdə, həmçinin Belarus, Qazaxıstan və ABŞ-da korrupsiyaya qarşı mübarizədir.
Anar Məmmədli: Çatışmazlıqlar qalmaqdadır
Hüquq müdafiəçisi Anar Məmmədli deyir ki, Azərbaycana verilən qiymətləndimənin nəticəsi olaraq sadalanan istiqamətlər üzrə konkret bəzi göstəricilərlə bağlı ölkədə çatışmazlıqlar qalmaqdadır.
"GRECO-nun Avropa Şurası ölkələrində yaxşı idarəçiliklə bağlı açıqladığı növbəti hesabat bu qurumun öz metodologiyası əsasında apardığı 4-cü qiymətləndirmə dövrünün nəticələrini əhatə edir. Bu proses 2012-ci ildə başlayıb və əsasən parlament üzvlərinin, hakimlərin və prokurorların korrupsiya ilə mübarizə yönündə fəaliyyətini araşdırmağı nəzərdə tutur. Hesabatdan da aydın olduğu kimi Azərbaycanla bağlı proses 2019-cu ildə başa çatıb. Azərbaycanla bağlı qiymətləndirmə aparıblar. Konkret olaraq Azərbaycana verilən qiymətləndimənin nəticəsi olaraq bildirə bilərəm ki, sadalanan istiqamətlər üzrə konkret bəzi göstəricilərlə bağlı ölkədə çatışmazlıqlar qalmaqdadır. Məsələn, hesabatın bu bölməsində nəzərdə tutulan göstəricilərdən biri də parlament üzvlərinin, hakimlərin və prokurorların öz gəlirlərini öz mülkiyyətində olan qiymətli mülkiyyət və s bu kimi gəlir bəyannaməsinin verilməsini nəzərdə tutur. Bildiyiniz kimi bu sahədə Azərbaycanda ciddi problemlər var. Bu məsələ hər zaman mətbuatda da səslənir ki, Azərbaycanda həm hakimlərin, prokurorların, həm parlament üzvlərinin, eyni zamanda icra hakimiyyətində çalışan şəxslərin gəlirlərinin açıqlanması ilə bağlı ciddi şəkildə problemlər var. İkinci bir məsələ, qanunvericilik orqanında şəffaflığın olması məsələsidir. Əfsuslar olsun ki, bununla bağlı milli məclis müəyyən çalışmalar yürütsə də, hələ də MM-nin fəaliyyətində şəffaflıq heç də Avropa standartları səviyyəsində deyil. Bununla bağlı çatışmazlıqlar qalmaqdadır. Digər məsələlərdən biri də maraqların toqquşması ilə bağlı dövlət qulluğuna işçilərin alınması ilə bağlı şəffaflıq məsələsidir. Mən bu sahədə ən ciddi problem hesab edirəm ki, hakimlər və prokurorların seçimində özünü göstərməkdədir. Çünki parlament anlaşılandır ki, seçkili hakimiyyət orqanıdır. "
O bildirib ki, məhkəmə hakimlərinin seçilməsi, prokurorların təyinatı məsələsi bu yöndə aydın, şəffaf və ictimiayyətin etimad göstərəcəyi şəkildə hələ də formalaşmayıb.
"Hələ də bu məhkəmə-hüquq sisteminə güvənsizlik qalmaqdadır. Bunun da əsas məsələlərindən biri də bu sahənin müstəqilliyinin təmin olunmaması, eyni zamanda bu sahəyə şəxslərin, kadrların seçimində aşkarlığın və şəffaflığın təmin olunmamasıdır. Yəni bu kimi hallar həm qanunverici orqanı, həm məhkəmələr, həm prokurorların seçimində onların fəaliyyətində şəffaflığın, yaxşı idarəçiliyin Avropa standarları üzrə olduğunu iddia etməyə əsas vermir. Əfsus ki, bu sahədə görüləsi çox ciddi islahatlara ehtiyac var.
Azər Qasımlı: Korrupsiya sistemli problemdir
Siyasi şərhçi Azər Qasımlı qeyd edir ki, Azərbaycanda korrupsiya ilə bağlı daha təsirli və qətiyyətli addımlar atılmalıdır.
"Azərbaycan hansı tövsiyələri yerinə yetirdiyi baradə bu yazıda tam məlumat yoxdur. Tövsiyələri yerinə yetirmək bir məsələ, sonra bunlara əməl etmək başqa məsələ. Bizdə korrupsiya ilə bağlı daha təsirli və qətiyyətli addımlar atılmalıdır. O da bu hakimiyyətin dönəmində mümkün deyil.
Beynəlxalq təşkilatların tövsiyələri isə sadəcə deklorativ xarakter daşıyacaq. Bizdə problem sadəcə hüquq-mühafizə orqanlarında korrupsiyanın olması deyil. Bizdə korrupsiya sistemli problemdir.
Siyasi-iqtisadi sistem korrupsiya üzərində qurulub, piramidal formaya malikdir, yəni aşağıdan yuxarı və yuxarıdan aşağı kommunikativ şəkildə işləyir.
Bizdə korrupsiyanın qarşısını almaq və ya ciddi şəkildə azaltmaq üçün sistemli tədbirlər lazımdır.
Bir neçəsini sadalayım.
1. Bürokratik aparat kiçilməlidir, həm mərkəzdə, həm yerlərdə,
2. Dövlət işində çalışanlar çox yüksək məvacib almalıdır,
3. Dövlət tenderləri şəffaf olmalıdır, elektron sistemə keçməlidir,
4. Xidmətlərin bir qismi yerli özünüidarəetməyə verilməlidir,
5. Korrupsiyaya qarşı mübarizəyə ən yüksək səviyyədə cavabdehlik olmalıdır (prezident-baş nazir, sistemdən asılı olaraq),
6. Müvəqqəti olaraq dövlət məmurlarının korrupsiya işləri ilə bağlı təqsirsizlik prezumpsiyası ləğv edilməlidir.
7. Korrupsiya ictimai qınağın əsas obyektinə çevrilməlidir və daima bunun təbliğatı aparılmalıdır.
Bir daha deyim, beynəlxalq təşkilatların heç bir tövsiyələrinin guya yerinə yetirib korrupsiya ilə uğurlu mübarizə aparılacağına inanmıram. Korrupsiyanın başında oturan dəyişməsə heç bir tövsiyənin mənası yoxdur," Qasımlı qeyd edib.
Prezident: Dürüstlük, şəffaflıq, ədalət dövlət məmurunun iş prinsipi olmalıdır
Prezident İlham Əliyev oktyabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə bildirib ki, qanusuzluqlar araşdırılır.
Prezident İlham Əliyev mayın 13-də Kəlbəcər rayon İcra Hakimiyyətinə yeni təyin edilən başçını qəbul zamanı yenidən vəzifəli şəxslərə xəbərdarlıq edib.
"Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət - budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar,” o qeyd edib.
Rəsmi məlumat
Ölkə rəhbərləri bir qayda olaraq korrupsiyaya qarşı davamlı mübarizə aparıldığını bildirir. Hazırkı hakimiyyətin dövründə iqtisadiyyat, səhiyyə, rabitə, milli təhlükəsizlik nazirliklərinin, dövlət sərhəd xidmətinin rəhbərləri, həmçinin 5 rayon icra hakimiyyəti başçısı korrupsiya ittihamı ilə həbsə məruz qalıb.