Accessibility links

Gerhard Şreder: Ukrayna problemi ərazi bütövlüyü, Krımda tatarların və rusların maraqlarının müdafiəsi prinsipi əsasında həll olunmalıdır


Gerhard Şreder
Gerhard Şreder

Almaniyanın keçmiş kansleri Bakıda regional iqtisadi-siyasi əlaqələr və Ukrayna probleminin həllinin mümkün variantlarından danışıb

Azərbaycan və Almaniya güclü iqtisadi tərəfdaşlardır və Bakı Almaniyaya yeddinci karbohidrogen ixracatçısı olaraq enerji təchizatında özünü Avropanın mühüm tərəfdaşı kimi doğruldub. Öz tərəfindən Almaniya Azərbaycanın etibarlı tərəfdaşıdır. Bu barədə Almaniyanın keçmiş federal kansleri Gerhard Şreder martın 13-də Bakıda ölkənin siyasi və işgüzar dairələrinin, diplomatik korpus və xarici şirkətlərin nümayəndələrinin qarşısındakı çıxışı zamanı biıdirib.

Şrederin sözlərinə görə, son illər iki ölkə arasında əmtəə dövriyyəsi 2 mlrd. dolları ötüb və ticari-iqtisadi əlaqələri dəfələrlə artırmaq üçün potensial var. Keçmiş kansler iki ölkə arasındakı siyasi əlaqələri də “çox yaxşı” adlandırıb.

O əlavə edib ki, bu əlaqələr “tarixən” dost əlaqələri olub. Hələ 20-ci əsrin əvvəlində Azərbaycanda şvablar məskunlaşıb. Onlar Yelenendorf (Göygöl) və Annenfeld (Şəmkir) alman qəsəbələrini yaradıblar. Onlar yerli əhali ilə sülh və dostluq şəraitində yaşayıblar. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində almanlar da təmsil olunublar.

Avropanın enerji təchizatında Azərbaycanın roluna toxunan Şreder deyib ki, yaxın onillikdə Avropanın ənənəvi enerji mənbələrinə tələbatı artacaq. Odur ki, o, “Şahdəniz-2” və Cənub qaz dəhlizi layihələrinin reallaşması barədə qərarı alqışlayıb. Bu, Azərbaycanla Avropa arasında energetika sahəsində əməkdaşlığı möhkəmləndirəcək.

Şreder Azərbaycanın sivilizasiyalararası dialoqa töhfəsini qeyd edib. O, multikulturalizm baxımından Azərbaycanın uğurlu modelini vurğulayıb. Sonra diqqəti Ukrayna ətrafında vəziyyətə yönəldib. Bu ölkədəki gərgin hadisələrə vətəndaşların avrointeqrasiya cəhdlərinin qarşısının alınması ilə bağlı yanlış mövqe və dilemma səbəb olub: ya Avropa İttifaqı (Aİ) ilə assosiasiya, ya da Rusiya. Məsələnin bu cür qoyuluşu ölkəni parçalayır, onun iqtisadiyyatına zərbə vurur.

Krım ətrafında vəziyyətə toxunan keçmiş kansler tərəfləri qarşıdurmadan qaçmağa çağırıb. Nizamlanma yollarının axtarışı Ukraynanın ərazi bütövlüyü, Krımda tatarların və rusların maraqlarının müdafiəsi prinsipi əsasında olmalıdır.

Şrederin fikrincə, Krımda vəziyyətin nizamlanmasına dair dialoqda ATƏT-in aparıcı rolu olmalıdır. Bununla yanaşı o qeyd edib ki, Ukrayna təkcə Aİ ilə yox, həm də Rusiya ilə yaxşı münasibətlərə malik olarsa o zaman ölkənin Avropa perspektivi uğurlu olar.

Şrederin fikrincə, Avropa həm də Rusiya ilə onun Aİ ilə assosiasiyası barədə dialoq aparmalıdır. “Avropa İttifaqı Rusiyanın onun şərq sərhədlərinin etibarlı və stabil
tərəfdaşı olmasında maraqlı olmalıdır”, Şreder vurğulayıb.

Onun fikrincə, SSRİ-nin süqutundan sonra Rusiya superdövlət statusunu itirib və indi də dünyada öz yerini axtarır, hara üz tutmağı - Avropaya yoxsa Asiyaya müəyyən edə bilmir. Odur ki, Aİ Rusiyanın Avropa strukturları ilə əməkdaşlığında maraqlı olmalıdır. Moskva Əfqanıstan, İran məsələlərində də Qərblə həmrəy olduğunu nümayiş etdirib.

Aİ-nin özünün problemlərinə və iqtisadi böhrana toxunan Şreder onların həllini daha sərt ümumi fiskal siyasətdə və vahid rəqabət qaydalarının yaradılmasında görür. Ümumilikdə, o, daha sıx siyasi inteqrasiyanın, Aİ-nin federallaşmasının və səlahiyyətlərin mərkəzə ötürülməsinin tərəfdarı olduğunu bildirib: “Yalnız güclü Avropa institutlarının sayəsində Aİ əsl ittifaqa çevrilə bilər. Belə Avropa qlobal çağırışlara daha yaxşı davam gətirər”, - o vurğulayıb.

Şreder Avropa və NATO-nun etibarlı müttəfiqi olan Türkiyəni də Aİ sıralarında görür, baxmayaraq ki, bu, hər iki tərəfdən səbir tələb edən “uzun prosesdir”.
Keçmiş kansler bir saatlıq çıxışı ərzində Qarabağ münaqişəsinə, həmçinin demokratiya və insan hüquqları məsələlərinə toxunmayıb. Şrederin çıxışı 2012-ci ildə yaradılmış Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilib. Almaniyanın bu cür Xarici Ticarət Palataları 80-dən çox ölkədə fəaliyyət göstərir. 2013-cü ildə Almaniya və Azərbaycan arasında əmtəə dövriyyəsi 3,1 mlrd. avro təşkil edib ki, bu da 2012-ci ildə olduğundan 32 faiz çoxdur. Bu, Almaniya ilə MDB ölkələri arasında ticari-iqtisadi münasibətlərdə ən yüksək artım tempidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG