Qəzzanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, fələstinlilərin humanitar yardım gözlədiyi bir vaxt İsrailin həyata keçirdiyi hücum zamanı azı 104 nəfər ölüb, 280 nəfər yaralanıb.
Hadisə şəhərin qərb hissəsindəki Əl-Nabusi dairəsində baş verib.
İsrail ordusu məsələ ilə bağlı araşdırma apardığını bildirib.
İsrail Müdafiə Qüvvələri Qəzzanın şimalında qurudan əməliyyatlar həyata keçirdiyini, Qəzza zolağının cənub hissəsindəki Xan Yunis bölgəsinə isə hava zərbələri endirdiyini bildirib.
HƏMAS-ın idarə etdiyi Qəzzanın Səhiyyə Nazirliyi cümə axşamı İsrailin hücumu zamanı həlak olan fələstinlilərin ümumi sayının ən azı 30 035 nəfərə yüksəldiyini, 70 457 nəfərin yaralındığını bildirib.
Cenevrədə BMT-nin insan haqları üzrə komissarı Volker Turk İsrail-HƏMAS müharibəsində hər iki tərəfin müharibə cinayətləri törətdiyini bəyan edib.
Turk BMT-nin İnsan Haqları Şurasına "Sülhün, təhqiqatın və cavabdehliyin vaxtıdır və çoxdan keçib" deyib.
BMT-nin insan haqları üzrə komissarı eləcə də hazırda təxminən 1,5 milyon fələstinlinin yaşadığı və çoxunun təhlükəsizlik səbəbindən başqa bölgələrdən qaçıb sığındığı Qəzzanın cənubundakı Rəfah bölgəsinə İsrailin planlaşdırdığı hücumu barədə xəbərdarlıq edib.
Turk Rəfahdakı hücumun "Qəzzada insanların başına gətirilən dəhşətlərin yeni, distopik bir hala salacağını" deyib.
İsrail rəsmiləri dinc sakinlərin Rafahdan təxliyyə edilməsindən danışsalar da, fələstinlilərin hara gedə biləcəyi ilə bağlı heç bir təfərrüat verməyib. Misir Rəfahla olan sərhədlərini açmayacağını bildirib.
Oktyabrın 7-də HƏMAS-ın İsraildə 1200 nəfərin ölümünə səbəb olan terror hücumundan sonra İsrail HƏMAS-ı tamamilə məhv etməyi vəd edib.
Forum