Avstraliya baş naziri Toni Abbot Brisbendə Böyük İyirmiliyin (G20) doqquzuncu summitinin açılışını edərək dünya liderlərini qlobal ümumdaxili məhsulu 2 trilyon dollar artırmağa çalışmağa çağırıb.
Cənab Abbot bildirib ki, dünyanın 20 ən böyük iqtisadiyyatına malik ölkələr Ukraynada yaranan təhlükəsizlik probleminə, regional ərazi münaqişələrinə və qlobal istiləşmə diskussiyalarına baxmayaraq fikirlərini iqtisadi problemlər üzərində cəmləşdirməlidirlər.
O, inkişaf planının azad ticarət və infrastruktura yatırım vasitəsiylə gələcək beş ildə miliyonlarla iş imkanlarına və qlobal ümumdaxili məhsulun iki faizdən daha çox artmasına gətirib çıxaracağını deyib.
Zirvə görüşündə hər bir üzv ölkənin 2 triliyon dollar hədəfə necə dəstək verəcəyi haqda planı təqdim etməsi gözlənilir.
Zirvə toplantısı bazar günü ölkələrin əldə etdikləri nailiyyətlər və gələcək planları haqda xülasə ilə başa çatacaq.