Oktyabrın 29-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərgin döyüşlər davam etməkdədir. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır.
Oktyabrın 27-də və 28-də Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttindən 40 kilometr aralıda yerləşən Bərdə rayonuna (Bakıdan 305 kilometr qərb) kasetli raket mərmiləri ilə zərbələr endirib. Nəticədə 26 nəfər mülki şəxs həlak olub, 83 nəfər yaralanıb.
Azərbaycan prezidenti İlham Əliyev Twitter səhifəsində yazıb ki, “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.”
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter hesabında yazıb ki, "bu, Ermənistanın qəsdən törətdiyi ağır müharibə cinayətidir. Bu, Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı genosid aktlıdır.“
Ermənistan Müdafiə Nazirliynin mətbuat katibi Şuşan Stepanyan Bərdə şəhərinin raket atəşinə tutulması barədə xəbəri təkzib edib.
"Guya Ermənistan Silahl Qüvvələrinin Bərdə şəhərini "Smerç" tipli raketlərdən atəşə tutması barədə məlumat əsassız və yalandır," o, Facebook səhifəsində yazıb.
Azərbaycan Baş Prokurorluğunun yaydığı son məlumata əsasən oktyabrın 29-da Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində kənd sakini Flora Ziyadova həlak olub, yaşayış evinə ciddi ziyan dəyib.
Qoşunların təmas xəttində də ağır döyüşlər davam etdirilir.
Azərbyaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
“Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir,” nazirliyin məlumatında deyilir.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan hesab edir ki, oktyabrın 28-də Azərbaycan ordusunun Berdzora (Laçın-red) doğru irəliləmək cəhdləri uğursuz olub. Onun dediyinə görə, Azərbaycan Ordusunun Ermənistanın Qafan və Meğri rayonları yaxınlığındakı qüvvələri geri oturdulub.
"Bütün gün Azərbaycan Silahlı Qüvvələri, eləcə də müxtəlif xüsusi təyinatlı dəstələr və terror qruplarının Ermənistanla sərhəd boyunca yerləşən bölmələri istiqamətində, eləcə də Artsaxın (Dağlıq Qarabağ-red) şimalından cənubuna doğru hücum hərəkətlərini davam etdirib. Qarabağın cənubunda və Berdzor (Laçın) istiqamətində kiçikmiqyaslı hərbi əməliyyatlar davam edirilib. Düşmən səylərinə baxmayaraq, Berdzor istiqamətində irəliləyə bilməyib. Dağlıq Qarabağın “Müdafiə Ordusu” mövqelərini qismən yaxşılaşdırmağı bacarıb. Şimal istiqamətində, xüsusilə Mardakert (Ağdərə-red) yaxınlığında döyüşlər əsasən artilleriya atəşləri ilə müşayiət olunub. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri dinc əhalinin yaşayış məntəqələrini atəşə tutub, mülki əhali arasında ölən və yaralananlar var. Hətta doğum evi və digər mülki obyektlər vurulub," o qeyd edib.
Hovanisyanın dediyinə görə, cəbhənin cənubundakı təxribat qruplarının zərərsizləşdirilməsi davam etdirilir.
“Düşmənin hücumunun dayaqları dəf edilib. Amma lokal xarakterli döyüşlər davam edir, çoxlu sayda təxribat qruplarının aradan qaldırılması vaxt apacaq,” o qeyd eidb.
Hovanisyan bildirib ki, Artsax “Müdafiə Ordusu” Qarabağın cənub istiqamətindəki indiki cəbhə xəttinin qalmasına dözməyəcəkdir.
O, “ArmNews” telekanalına müsahibəsində deyib ki, atəşkəs siyasi bir mövzudur, hərbi planlara gəldikdə, "mövcud vəziyyətə dözməyəcəyik".
"Planlarımız fərqli xarakter daşıyır."
O, hesab edir ki, Ermənistan tərəfinin döyüş əməliyyatları zamanı bəzi səhvlərə yol verildiyini, problemlər aşkarlanıb və ordu komandanlığı qısa müddətdə səhvləri düzəltməyə çalışır.
“Hadisələr çox sürətlə inkişaf edir. Hər iki tərəf yenidən qruplaşır. Ehtiyatda olanların aktiv şəkildə hazırlaşdıqları görünür. Biz ehtiyatda olanların təlim müddətini bir az da uzatmağa qərar verdik. Ehtiyatda olanlardan çox sayda təcrübəli zabitlər cəlb etmişik,” Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Bu gün, oktyabrın 29-da cəbhədə güclü döyüşlər davam etdirilib.
Özünü tanınmamış “Dağlıq Qarabağ”ın prezidentinin mətbuat katibi kimi təqdim edən Vaqram Poqosyan Facebook səhifəsində yazıb ki, Dağlıq Qarabağda cəbhə xəttinin müxtəlif istiqamətlərində güclü döyüşlər davam edir.
"Dağlıq Qarabağın “Müdafiə ordusu” Əsgəran bölgəsinin Avetaranos, Sqnax və Aknaxbyur kəndləri yaxınlığında xüsusilə gərgin döyüşlər aparır. Düşmənin canlı qüvvəsi böyük itkilər verib," o qeyd edib.
Özünü tanınmamış “Dağlıq Qarabağ”ın ombudsmanı kimi təqdim edən Artak Beglaryan oktyabrın 29-da Twitter hesabında yazıb ki, səhər tezdən Azərbaycan Silahlı Qüvvələri Stepanakert (Xankəndi) və Şuşini (Şuşa) raket atəşinə tutub.
“Azərbaycan bir neçə saatdır ardıcıl olaraq “DQR” paytaxtına güclü zərbələr endirir. Mülki əhali arasında itki və yaralanlar var. Şəhərdə dağıntı da var. Təfərrüatlar dəqiqləşdirilir. Bu gün Stepanakert bəlkə də bütün müharibə dövründə ən aqressiv hücuma məruz qalıb," o qeyd edib.
Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.
“Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar. Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük. Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəf alır.
Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var-mülki insanlara ziyan vurmadan, ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək,” nazirlik qeyd edir.
Müdafiə Nazirlıiyi Tərtər, Bərdə və Goranboy rayonlarının ərazilərinin artilleriya atəşinə tutulduğunu bildirir.
Bu arada, Ermənistan tərəfi Azərbaycanın “Bayraqdar” pilotsuz uçuş aparatını vurduğunu bildirib. Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edib.
“Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır. Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb,” nazirliyin məlumatında deyilir.
Azərbaycan Müdafiə Nazirliyi əksinə, bu gün Azərbaycan Ordusu tərəfindən Ermənistanın iki ədəd SU 25 hücum təyyarəsinin vurduğunu bildirib.
Ermənistan rəsmisi bu məlumatı "saxta" adlandırıb.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində aktiv hərbi əməliyyatlar bərpa edilib. Vasitəçilərin tərəflər arasında atəşkəsə nail olmaq səyləri nəticə verməyib.