Azərbaycan Xalq Cəbhəsi Partiyası Yasamal rayon Gənclər Komitəsinin sədri Məhəmməd Rzaya 15 sutka inzibati həbs verilib.
Bu barədə AXCP-nin mətbuat xidməti məlumat yayıb.
Partiyadan verilən məlumata görə, bununla bağlı qərar fevralın 21-də Nizami Rayon Məhkəməsində çıxarılıb: "Gənc fəalın nədə günahlandırıldığını dəqiqləşdirmək isə mümkün olmayıb".
Bu deyilənləri, hələlik, Nizami Rayon Məhkəməsindən aydınlaşdırmaq mümkün olmayıb.
Partiya bildirib ki, fevralın 21-də AXCP Yasamal rayon Gənclər Komitəsinin sədri Məhərrəm Rza Bakının Nizami rayonu ərazisində Laçın Ticarət Mərkəzində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
AXCP-dən verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 40-dan çox siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 10-30 sutkalıq həbsə məhkum edilib. Bundan başqa bu partiyanın 10-a yaxın fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs edilib. AXCP onların siyasi fəaliyyətləri ilə bağlı sifarişlə həbs olunduğunu bəyan edib.
Rəsmilər isə bu deyilənləri təkzib edir. Onlar ölkədə bütün fundamental azadlıqların tam bərpa edildiyini, insanların siyasi baxışlarına görə təqib edimədiyini bildirir.