Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsində “Gəncə işi” ilə bağlı məhkəmə baxışı zamanı insident yaşanıb. Valideynlər və məhbuslar məhkəmənin qərarından sonra emosiyalarını cilovlaya bilməyib. Məhbuslar salındıqları qəfəsdəki mikrofonu sındırıb, skameykaları aşırıb, qəfəsin divarlarını döyəcləyərək azadlıq tələb edib. Məhbuslar aclığa başladıqlarını elan edib. Məhkəmə zalında olan valideynlər də etiraz olaraq azadlıq tələb edib. İnsident böyüyüb və skameykalar aşırılıb, pərdələr cırılıb, qapı və pəncərələrin şüşələri sındırılıb. İnsidentin qarşısını almaq üçün nəzarətçilər gücdən və qazdan istifadə edib. Bu zaman valideynlər küçəyə çıxaraq özlərini avtomlobillərin qarşısına atmaqla intihara cəhd edib. Avtomobil yolunu bağlamaq istəyiblər. Polis kordon yaradaraq intihar cəhdlərinin və avtomobil yolunun bağlanmasının qarşısını alıb, insanları sakitləşdiməyə çalışıb.
Bu barədə Amerikanın Səsinə Gəncə hadisələri ilə bağlı həbsdə olan Elvin Hüseynzadənin anası Sevinc Hüseynova bildirib.
Onun sözlərinə görə, valideynlər daha sonra Bakının Kürdəxanı qəsəbəsinə, övladlarının saxlanıldığı 1 saylı Bakı İstintaq Təcrtidxanasının qarşısına gəlib.
“Orada, təcridxananın qarşısında bizi təcridxananın rəisi qarşıladı. Bildirdi ki, övladalarımızın durumu yaxşıdır. Təcridxana rəisi valideynləri sakitləşdirdi,” o qeyd edib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrinə görə həbs olunan 11 nəfərlik qrupun - Maarif Hacıyev, Şahlar Rzayev, Kamal Məhərrəmov, Orxan Yağnəliyev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev, Seymur Əliyev, Araz Həsənov və Vaqif Əşrəfovun şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsini 315.1-ə tövsif edərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarını dəyişib, təqsirləndirilən şəxslərin həbs müddətlərini aşağı endirib.
Məhkəmə Maarif Hacıyevin cəzasını 9 ildən 5 ilə, Şahlar Rzayevin cəzasını 8 il 6 aydan 4 il 6 aya, Kamal Məhərrəmovun cəzasını 8 il 6 aydan 4 il 1 aya, Orxan Yağnəliyevin cəzasını 8 il 6 aydan 4 il 7 aya, Ruslan Həsənovun cəzasını 8 ildən 4 il 6 aya, Tural Bayramovun cəzasını 8 ildən 4 il 1 aya, Nizami Əkbərovun cəzasını 8 ildən 4 il 6 aya, Toğrul Verdiyevin cəzasını 8 ildən 4 il 6 aya, Seymur Əliyevin cəzasını 8 ildən 4 il 6 aya, Araz Həsənovun cəzasını 7 il 6 aydan 4 il 1 aya və Vaqif Əşrəfovun cəzasınə 7 il 6 aydan 4 il 1 aya endirib.
Lakin valideynlər apellyasiya baxışı zamanı övladlarının azadlığa buraxılacağına ümid edirdilər.
Məhkəmədə baş verənlərə rəsmi qurumlardan məlumat almaq hələ mümkün olmayıb.
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.
Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə idarə edilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Yusif Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.
Sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsinə dair məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.
Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, 8 qrupun işi məhkəməyə göndərilib. Bu qruplarda ümumilikdə 60 nəfər təqsirləndirilən şəxs var. Onlardan da 6 qrupa hökm oxunub, həmin işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Daha 2 qrupun işi üzrə birinci instansiya məhkəməsində araşdırmalar davam edir.
"Gəncə işi" üzrə 11 nəfər beynəlxalq axtarışa verilib.
Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyir). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edir.
Həbs olunanlar məhkəmədə saxlanılarkən və sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.
Bu il avqustun 9-da Gəncə Apellyasiya Məhkəməsi həbs olunan şəxslərdən dördünü - Qadir Hüseynov, Kamal Məmmədtağıyev, Mireşqin Seyidov və Rauf Qurbanzadə məhkəmə zalından azadlığa buraxıb.
Digər təqsirləndirilən şəxslərdən 7 nəfərsən dörd nəfərin cəzasını 2 ilə, digərlərinin cəzasının isə 5 il 6 ay - 7 ilə endirib.
Bu gün Bakınıın Sabunçu rayon Məhkəməsininn binasında “Gəncə işi” üzrə daha bir qrupun işi üzrə birinci instansiya məhkəməsinin iclası davam etdirilib.