Accessibility links

Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində 9 mülki şəxs həlak olub


Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəs haqda razılığın əldə edilməsindən bir gün sonra tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Azərbaycan bazar günü Ermənistanı ikinci böyük şəhər olan Gəncədə səhər erkən saatlarında yaşayış məntəqəsini raket atəşinə tutmaqda və bir yaşayış binasını vurmaqda günahlandırıb.

Reuters xəbər agentliyinin müxbiri oktyabrın 11-də binanın dağıntıları altından insan cəsədinin çıxarıldığı haqda məlumat verib.

Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Ermənistan Silahlı Qüvvələrinin oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Ermənistan rəsmi mənbələri Gəncə şəhərinin artilleriya atəşinə tutulması barədə məlumatları `yalan` adlandırıb və oktyabrın 11-də gecə saatlarında Xankəndi, Hadrut, Martuni şəhərlərinin artilleriya atəşinə məruz qaldığını bildirib. İtkilər barədə hələ məlumat yaymayıb.

Gəncədə çoxsaylı insanların həlak olması və atəşkəsin pozulması ilə bağlı Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri bəyanatla çıxış edib.

Müdafiə Nazirliyi bildirir ki, Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndləri raket və artilleriya atəşinə tutmaqda davam edir.

“Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür,” sənəddə qeyd edilir.

Xarici İşlər Nazirliyi bildirir ki, Ermənistanın Azərbaycana qarşı “təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir”.

“Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərindədir,” Xarici İşlər Nazirliyi vurğulayır.

Azərbaycanın Baş Prokurorluğu həmçinin bildirir ki, oktyabrın 11-də gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə də raketlər atılıb.

Məlumatda deyilir ki, raketlər Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib və hədəfə dəyməyib.

Baş Prokurorluq oktyabrın 10-da Ağdam rayonunun Çəmənli kənd sakini Gündüz Hüseynovun artilleriya atəşindən həlak olduğunu bildirir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 10-da saat 12-dən humanitar atəşkəs barədə sənəd imzalayıb. Buna baxmayaraq tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etməkdə davam edir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov, Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyanın Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vasitəçiliyi ilə humanitar atəşkəs haqqında razılıq əldə etməsini alqışlayıb. Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Endrü Şofer) açıqladıqları bəyanatda tərəfləri öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bəyanat yayaraq, Dağlıq Qarabağ münaqişəsində humanitar atəşkəsin əldə olunmasını alqışladığını bildirib. Komitə həmçinin neytral vasitəçi olaraq döyüşlərdə ölən insanların cəsədlərinin və saxlanılan insanların təhvil verilməsinə yardım etməyə hazır olduğunu vurğulayıb.

XS
SM
MD
LG