2019-cu il üzrə Azərbaycanın dövlət büdcəsi gəlirləri və xərcləri artırılır.
"Report"un xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında bildirib. O, büdcəyə deputatların təklifləri nəzərə alınmaqla edilmiş dəyişiklikləri açıqlayıb.
Nazir bildirib ki, ilkin proqnoza nisbətən gəlirlərin 251 mln. manat artırılaraq 23 mlrd. 168 mln. manata, xərclərin isə 410 mln. manat artırılaraq 25 mlrd. 190 mln. manata çatdırılması düşünülür.
Samir Şərifovun dediyinə görə, büdcə xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalardan gözlənilən artım hesabına baş verəcək.
Maliyyə nazirinin sözlərinə görə, 2019-ci il üzrə büdcə kəsri 159 mln. manat artırılaraq 2 mlrd. 22 mln. manata çatdırılıb.
2019-ci ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) qaçqın və məcburi köçkünlərin həyat şəraitinin, mənzillə təminatının yaxşılaşdırılmasından ötrü əlavə 200 mln. manat vəsait ayrılması nəzərdə tutulub.
Bunu da maliyyə naziri Samir Şərifov Milli Məclisdə deyib.
Nazir büdcənin xərclər hissəsinin 410 mln. manat artırılmasının məqsədləri barədə də danışıb və bir sıra xərc istiqamətlərini açıqlayıb: "Regionlarda məşğulluq üçün əlavə olaraq 80 mln. manat, 2019-2020-ci illərdə dövlət hesabına ali təhsil alanlar və digər təhsil xərclərindən ötrü əlavə 11 mln. manat ayrılacaq.
Bundan başqa, Gənclər Fonduna əlavə 2.7 mln. manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4.4 dəfə çoxdur. Azərbaycan Milli Elmlər Akademiyasına əlavə 800 min manat, yeni doğulmuş eşitmə qüsurlu, ürəklə bağlı problemli uşaqlar üçün əlavə 4 mln. manat, həmçinin, yeni yaradılan təşkilatların maliyyə təminatı məqsədilə 5.5 mln. manat ayrılması nəzərdə tutulur".
Bundan başqa, gələn ilin büdcəsindən kənd təsərrüfatı xərclərinə əlavə olaraq 40 mln. manat ayrılması təklif edilir. Həmçinin, islahatların həyata keçirilməsi ilə bağlı tədbirlərə 256 mln. manat əlavə vəsaitin ayrılması düşünülür.
Nazir bildirib ki, bələdiyyələrə ayrılan dotasiyalar 500 min manat azaldılacaq.
2019-cu il üzrə büdcə layihəsinin Milli Məclisdə müzakirəsi hələ noyabrın əvvəllərində başlamışdı. Deputatlar verilən təkliflərin öz əksini tapmasından ötrü noyabrın 27-nə kimi hökumətə vaxt vermişdi.
Əvvəlki layihədə 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 mlrd. 917.5 mln. manat nəzərdə tutulmuşdu. Büdcənin xərcləri isə 24 mlrd. 780.1 mln. manat proqnozlaşdırılırdı. Layihədə neftin bir bareli 60 dollar götürülüb.