Accessibility links

Həyat yoldaşı aclıq edən jurnalistin ayaqlarının tutulduğunu, onda yaddaş pozuntusu yarandığını deyir


Əfqan Sadıqov Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, 25 yanvar 2021
Əfqan Sadıqov Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, 25 yanvar 2021

“178 gündür aclıq edən həbsdə olan Azel TV xəbər portalının baş redaktoru Əfqan Sadıqovun bədənində maddələr mübadiləri çox ciddi şəkildə pozulub və kəskin yaddaş pozuntusu, şəkər xəstəliyi yaranıb, ayaqları tutulub.”

Bu barədə Amerikanın Səsinə Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bildirib

Onun sözlərinə görə, hazırda Ədliyyə Nazirliynin Müalicə Müəssisəsində saxlanılan jurnalistin şəkər xəstəliyi ilə əlaqədər mütəxəssis həkim dəvət ediblər.

“Həkim Əfqanı müayinə etdikdən sonra deyib ki, əgər proses bu sürətlə davam edərsə şəkər böyrəkləri və digər orqanları sıradan çıxaracaq," Sadıqova Amerikanın Səsinə deyib.

Öz növbəsində, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən jurnalistin səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Sadıqov 2020-ci il noyabrın 3-dən məhkəmənin qərarına etiraz olaraq aclıq edir və bu gün artıq 178 gündür aclığı davam etdirir.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi, ABŞ Dövlət Departamenti, “Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG