Accessibility links

Gülnara Mehdiyeva: Təcavüzçü deyil qurbanın günahlandırılması cəmiyyətimizin faciəsidir


`Patriarxal cəmiyyətdə qadına və qıza qarşı zorakılıq olanda....`
please wait

No media source currently available

0:00 0:10:22 0:00

Sosial mediada bir neçə gənc qızın zorakılığa məruz qalması ilə bağlı geniş müzakirələr bu həftə gündəmdə əsas yer aldı. Metroda geyim tərzinə görə qızın təhqir edilməsi, Lerik rayonunda 14 yaşlı qızın zorlanması və 16 yaşlı nişanlı qızın intihar etməsi haqda xəbərlər ictimai müzakirələrə və müxtəlif reaksiyalara səbəb oldu. Qadın hüquqları fəalı, gənc feminist yazar Gülnara Mehdiyeva Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə gənc qızlara qarşı zorakılıq halları və buna cəmiyyətdə reaksiyalardan danışıb.

Qurbanın günahlandırılması

“Lerikdə baş verən hadisəyə reaksiya ilə yerdə qalan iki hadisəyə reaksiya arasında fərq var idi. Qızın zorlanmasına olan reaksiya mənə görə qənaətbəxş idi, çünki ən azından heşteqlər yaradıldı, kampaniyalara başladıldı, hətta dünən gördüm ki, petisiya və müraciət imzalanır aiddiyyatı qurumlara və bu məsələnin üstünün örtülməməsi, lazımi şəxslərin cəzalandırılması üçün müəyyən aktivlik görürəm və bu qənaətbəxşdir.”

Qadınlara və qızlara qarşı zorakılıq və ədalətsizlik baş verəndə onlar özü günahlandırılır.

Gülnara Mehdiyevanın sözlərinə görə, sosial mediada metroda şort geyinmiş qızın təhqirlərlə qarşılaşması və gənc qızın intihar etməsinə göstərilən reaksiyaların bir hissəsi hadisə qurbanının günahlandırıldığını göstərir. “Qadınlara və qızlara qarşı zorakılıq və ədalətsizlik baş verəndə onlar özü günahlandırılır bu məsələdə. İkinci bir cəbhədə isə əksinə cəmiyyəti, valideynləri, sosiumu günahlandırılar var idi.”

Mövzular tabu olmaqdan çıxmalıdır

“Müzakirə vacibdir, mütləqdir, şərtdir. İstənilən problem yalnız müzakirə yolu ilə həll oluna bilər. Bir problem danışılmırsa, onun həllini tapması mümkün deyil. Birinci növbədə, mövzular tabu olmaqdan çıxmalıdır, yəni danışılmalıdır, mümkün qədər çox danışılmalıdır. Təbii ki, danışıqlarda mənfi fikirlər də olacaq, müsbət fikirlər də olacaq, absurd fikirlər də olacaq. Amma müzakirədən keçir bütün bu problemlərin həlli. Onun öz həllini tapması, müəyyən qənaətə, nəticələrə gəlmək üçün mütləq müzakirələr olmalıdır.

Müzakirə problemi aktuallaşdırır.

Müzakirəsiz o problem öz həllini tapa bilməz. Müzakirə problemi aktuallaşdırır, onu gündəmə gətirir və yalnız bu halda insanlar müəyyən nəticələrə gələ bilərlər. Yəni onların yerində olan başqa şəxslər də hansısa fikri eşidərək, hansısa münasibəti görərək özlərini dəyişə bilərlər, korektə edə bilərlər. Ona görə mən hesab edirəm ki, bütün problemlərin həllində müzakirə şərtdir. Yəni birinci addım ondan başlayır ki, problem danışılmalıdır.”

Təfəkkür dəyişməlidir

“Mənim üçün ən qaranlıq bir şey odur ki, Azərbaycanda bir nəfər şəxs təcavüzə uğrayırsa, burada təcavüzçünün deyil, təcavüz qurbanının şərəfi ləkələnmiş sayılır. Bu, böyük bir bədbəxtçilikdir bir xalq üçün əgər orda qurban şərəfsiz hesab olunursa, ləkələnmiş hesab olunursa, qurban düşünürsə ki “mənim axırım necə olacaq”, təcavüzçü düşünmürsə ki “mənim axırım necə olacaq, mən necə çıxacam bu işin içindən, mən insanların içinə necə çıxacam”. Bunu təcavüzçü fikirləşmir, bunu nəyə görəsə həmişə qurban fikirləşir və bu bizim bir xalq olaraq bizim mənə elə gəlir ki, faciəmizdir, əgər biz qurbana sahib çıxmaq əvəzinə onu damğalamağa hazırıqsa.

Bu bizim bir xalq olaraq faciəmizdir, əgər biz qurbana sahib çıxmaq əvəzinə onu damğalamağa hazırıqsa.

İkinci növbədə də evliliyin hər şeyə çarə olmadığını da insanlara izah etmək lazımdır. Səhv etmirimsə, 2011-ci ildə artıq belə bir qanun çıxdı ki, qızların zorla nikaha məcbur edilməsi cinayət hesab olunur. Birinci növbədə bu valideynlərə aşılanmalıdır. İzah olunmalıdır ki, evlilik cinayət məsuliyyətini aradan qaldırmır. Yəni insanlar evliliyi öz xilas yolu kimi görməməlidir. Yəni təcavüzçülər deyim, cinayətkarlar deyim, “evlənəcəm, ört-basdır edəcəm, işin altından çıxacam” məsələsi olmamalıdır. Evliliyin cinayət faktını aradan qaldırmadığını insanlara izah etmək lazımdır.”

Çıxış yolu

“Polislərlə də iş aparılmalıdır, çünki əksər hallarda qurbanın qadın olduğu şəraitlərdə polis biganəliyinin də şahidi oluruq, polisin qurbanın deyil, cinayətkarın yanında olmasının şahidi oluruq. Xüsusilə bölgələrdə polislərlə iş aparılmalıdır. Onlar da patriarxal təfəkkürü kultivasiya edirlər. Valideynlərlə iş aparılmalıdır. Onlara izah olunmalıdır ki, dünyanın axırı deyil. Yəni istənilən halda öz övladının arxasında olmalısan və əgər birinci növbədə valideyn dəstəyi olduqda cəmiyyət də həmin övladı qəbul etməyə, belə deyim, onunla barışmağa, onunla razılaşmağa daha rahat olur.

Valideyn öz övladına sahib çıxırsa, dəstək olursa, cəmiyət də dəstək olmağa daha çox hazır olur.

Düzdür, mən burada qəbul etmək deməzdim, çünki burada qurban bir səhv etməyib ki, onun nəyinisə qəbul etsin. Amma valideynlərin ən çox qorxduğu şey odur ki, onların övladı cəmiyyət tərəfindən qəbul edilməz, amma mən dəfələrlə şahidi olmuşam ki, əgər valideyn öz övladına sahib çıxırsa, dəstək olursa, cəmiyət də dəstək olmağa daha çox hazır olur. Və birinci növbədə valideynlərə tövsiyə edərdim ki, istənilən halda övladın yanında olsunlar. Uşağın hüquqları, övladın hüquqları daha üstündür və müxtəlif strukturlarla kompleks təlimlər görülməlidir. Yəni bir nəfərlə, bir kontingentlə bunu həll etmək mümkün deyil.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG