Accessibility links

Gömrükçü pul aldığına görə vəzifəsindən azad edilib - Dövlət Gömrük Komitəsi


İyunun 28-də Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı qeyri-qanuni olaraq pul aldığına görə vəzifəsindən azad edilib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, "İrşad Trade 2018" MMC-nin ünvanına konteynerlə daxil olmuş velosiped yüklərinin gömrük yoxlanmasını tezləşdirmək müqabilində Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Duman Şeyxov qeyri-qanuni olaraq şirkət nümayəndəsindən 400 manat pul alması ilə bağlı araşdırma aparılıb.

“Duman Şeyxov Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində qeyd olunan yüklərin boşaldılması və gömrük yoxlamasının tezləşdirilməsi müqabilində qeyri-qanuni 400 manat aldığını etiraf edib,” DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu ilin yanvarında kollegiya iclasında bildirib ki, 2018-ci ildə bir neçə gömrük əməkdaşı tutduğu vəzifəyə və daşıdığı rütbəyə hörmətsizlik edib, rüşvət və korrupsiyaya bulaşıb.

“Ancaq onlar bu gün gömrük sistemində yoxdurlar, onlara qarşı cinayət işi açılıb. Düşünürəm ki, bu, digər əməkdaşlara da bir siqnal olmalıdır. Belə əməkdaşlar, öz işinə və peşəsinə hörmət etməyən adamlar bizim sıralarımızdan gedəcək.”

Komitə sədri bildirib ki, gömrük andına xələl gətirən əməkdaşlara qarşı qəti addınlar 2019-cu ildədə davam etdiriləcək.

“Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər,” Mehdiyev qeyd edib.

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsində kadr dəyişikliyindən sonra gömrük yığımı 800 milyon manat artıb.

Vahid Əhmədov həmçinin hüquq mühafizə orqanlarının indiyədək olan korrupsiya halları ilə bağlı araşdırma aparmasının lazımlığını bildirib.

XS
SM
MD
LG