Accessibility links

“Fuad Əhmədlinin səhhətində problem yaranıb”


Fuad Əhmədli (Foto Fuad Əhmədlinin facebook səhifəsindən götürülüb)
Fuad Əhmədli (Foto Fuad Əhmədlinin facebook səhifəsindən götürülüb)

“Fuad Əhmədlinin sağlamlıq durumunda problemlər var”. Bu barədə vəkil Əsabəli Mustafayev dekabrın 13-də təcridxanada Əhmədli ilə görüşdükdən sonra Turan agentliyinə bildirib.

AXCP fəalı Fuad Əhmədli bu il avqustun 18-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 302.-ci (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozmaq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) ittihamları irəli sürülüb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatında deyilir ki, “Azərfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları, o cümlədən zəng tarixçələrindən çıxarışları, antenalar üzrə olduqları yerləri, qapalı məlumatları çıxarıb müəyyən adamlara ötürüb. F.Əhmədli həmçinin Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təqdim olunub, yaşadığı evdən Gülənə aid vərəqələrin tapıldığı iddia olunub.

AXCP ittihamı qurama adlandırıb və partiyaya qarşı təzyiqin tərkib hissəsi olduğunu bildirib.

Vəkilin sözlərinə görə, F.Əhmədlinin ağ ciayərlərində və tənəffüs yollarında problemləri var.

“O, hələ bir-iki il öncə bu problemlərlə bağlı əməliyyat olunub, mütəmadi müayinə edilməlidir”.

Ə.Mustafayev bundan irəli gələrək istintaqa iki vəsatətlə müraciət etdiyini deyib.

“Vəsatətlərim F.Əhmədlinin səhhətilə bağlı tibbi ekspertiza keçirilməsilə bağlıdır. Ekspertiza bu suala cavab verməlidir ki, F.Əhəmədlini bu durumda həbsdə saxlanması nə dərəcədə əsaslıdır. Çünki, o mütəmadi ağrılardan əziyyət çəkir, ixtisaslı müayinə aparılmalıdır, amma həbsxana şəraitində bu mümkün deyil”, vəkil qeyd edib.

Mustafayev bildirib ki, daha bir vəsatət F.Əhmədli saxlanılan zaman evlərindən götürülən əşyaların hələ də geriyə qaytarılmaması ilə bağlıdır:

“Fuad Əhmədlinin atasının şəxsi kompüteri, nənəsinin pensiya kartı, Fuada aid tibbi sğorta sənədləri götürülüb və hələ də qaytarılmayıb. Bu sənədlər istintaq üçün hər hansı bir əhəmiyyət daşımadığı üçün geri qaytarılmalıdır. Hətta Fuada aid kompüter də geri qaytarılmalıdır, çünki bu müddət ərzində istintaqda qalması yetərlidir”, o deyib.

XS
SM
MD
LG