Accessibility links

Fuad Ağayev: Konstitusiyaya yeni düzəliş layihəsi xalq hakimiyyətinin məhdudlaşdırılmasına yönəlib


vəkil Fuad Ağayev
vəkil Fuad Ağayev

Vəkil Fuad Ağayev bloqunda Azərbaycan Konstitusiyasına təklif edilən yeni düzəlişlərlə bağlı Referendum Aktı layihəsini şərh edib. Şərhi təqdim edirik:

Mən layihə müəlliflərinin, təşəbbüskarlarının əsil niyyətlərindən xəbərdar deyiləm. Lakin sənədin təhlili onu göstərir ki, qəbul ediləcəyi təqdirdə o, istər insan və vətəndaş hüquq və azadlıqlarına, istərsə də hakimiyyətlərin bölgüsünə mənfi təsir edəçək, xalq hakimiyyətinin daha da məhdudlaşdırılmasına yönələcəkdir.

I. Layihənin hazırlanması və təqdimatı haqqında bir neçə kəlmə

1. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 5.2-ci maddəsinə əsasən həmin qanun referendum aktlarının hazırlanmasına da şamil edilir. Bu o deməkdir ki, referendum aktı layihəsinin hazırlanması planlı şəkildə həyata keçirilməli (41.1-ci maddə); bu barədə məlumat Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidentinin qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planına daxil edilməlidir (42.1-ci maddə). Hazırlandıqdan sonra layihəyə ən azı ekspert rəyləri, müəlliflərinin siyahısı əlavə edilməli; onun qəbul olunması zərurətinin əsaslandırılması (məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti); Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, layihənin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin təhlili; aktın qəbul edilməsinin ehtimal olunan nəticələri proqnozlaşdırılması və s. ) əlavə edilməlidir (48-ci maddə).

2. Referendum aktı layihələrinin hüquqi ekspertizası «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 49.1-ci maddəsinə əsasən məcburidir. Təqdim olunan layihəyə belə rəy əlavə edilmişdirmi? Ümumiyyətlə, tez-tezmi qəbul olunan qanun layihələrinə dair hüquqi rəy alınır? Suallar ritorikdir. Adı çəkilən Qanunun 52, 53 və 61-ci maddələrinə əsasən məcburi hüquqi ekspertizadan sonra məcburi linqvistik, sui-istifadə ekspertizaları da keçirilməlidir. Belə ekspertiza rəyləri layihəyə əlavə edilibmi? Ümumiyyətlə, keçirilbmi?

3. Daha bir məsələ layihənin qiymətidir, daha dəqiq desək, onun maliyyə-iqtisadi əsaslandırılmasıdır. Belə bir əsaslandırılma təqdim olunubmu? Xeyr!

II. Layihənin qüvvədə olan Konstitusiyaya, Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olub-olmaması barədə

4. Layihədə təklif olunan dəyişiklikləri əsasən iki qrupa bölmək olar:

1) Dövlət hakimiyyəti orqanlarının təşkili, səlahiyyət bölgüsü, Silahlı Qüvvələrlə bağlı düzəlişlər;

2) İnsan və vətəndaş hüquq və azadlıqları ilə bağlı dəyişikliklər.

a) Dövlət hakimiyyəti orqanlarının təşkili, səlahiyyət bölgüsü, Silahlı Qüvvələrlə bağlı düzəlişlər

5. Layihə Konstitusiyanın 9-cu maddəsinin I hissəsinin yeni redaktəsi təklifi ilə başlayır: «Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir». Təklif olunan mətndə göstərilir: «Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir». Qüvvədə olan mətn ilə müqayisə etsək, görərik ki, ilk baxışdan redaktə səciyyəli dəyişiklik təsiri bağışlayan düzəliş əslində çox ciddi xarakter daşıyır. Belə ki, hazırda Silahlı Qüvvələrdən fərqləndirilən başqa silahlı birləşmələr var, prezident isə Konstitusiyanın 9-cu maddəsinin III hissəsinə görə yalnız Silahlı Qüvvələrin Baş Komandanıdır. Təklif olunan düzəliş «Başqa silahlı birləşmələri» (Daxili qoşunlar, Fövqəladə Hallar Nazirliyinin mülki qoşunları və s.) də Silahlı Qüvvələrin tərkibinə qatmaqla, aydındır ki, həmin birləşmələrin dövlət başçısından asılılığını gücləndirməyə yönəlmişdir. Belə təmərküzləşmə adətən o zaman həyata keçirilir ki, iqtidar hansısa birləşmə, yaxud birləşmələrin ona qarşı istifadə edilə biləcəyindən ehtiyatlansın, onlara tam etibar etməsin. Hətta belə ehtimal varsa belə, sadəcə olaraq qoşun, silahlı birləşmə rəhbərlərinin, yaxud onların bilavasitə tabe olduqları nazirliklərin, xidmətlərin rəhbərlərinin dəyişdirilməsi problemin daha sadə həlli olardı, daha buna görə Konstitusiyaya ciddi düzəliş etməyə ehtiyac yoxdur.

6. Konstitusiyanın hazırda qüvvədə olan 85-ci maddəsinin I hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı üçün aşağı yaş senzi müəyyən edilmişdir – 25 yaşına çatmamış heç bir vətəndaş deputat seçilə bilməz. Layihəyə əsasən Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Bu o deməkdir ki, Konstitusiyanın 56-cı maddəsinə əsasən yaşından asılı olmayaraq hər bir Azərbaycan Respublikası vətəndaşı (fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslərdən başqa) deputat seçilə bilər. Onu nəzərə alsaq ki, seçmək hüququ 18 yaşından əmələ gəlir, bu nə dərəcədə düzgündür? Yaş senzi tətbiqinin məqsədi ondadır ki, seçkili orqana və ya vəzifəyə seçilən şəxs tutacağı vəzifənin öhdəsindən gəlmək üçün kifayət qədər həyat təcrübəsinə, savada malik olsun. Aydındır ki, iqtidara yaxın hüquqşünas diplomlu şəxslər deyəcəklər ki, bu məsələlər "Seçki Məcəlləsi" ilə müəyyən ediləcək. Bəri başdan onlara izah edirəm ki, Konstitusiyanın 85-ci maddəsinin I hissəsinə əsasən "Seçki Məcəlləsi" ilə seçkilərin keçirilməsi qaydası müəyyən olunur, bu sənədlə seçilənlərə yaş senzi qoyula bilməz, belə senz yalnız və yalnız Konstitusiya ilə müəyyən edilməlidir. Bir də ki, hüquqi müəyyənlik prinsipi baxımından əgər 25 yaş senzinin əvəzinə başqa yaş senzi tətbiq olunacaqsa, o məhz Konstitusiyada göstərilməlidir. Yeri gəlmişkən, İran, Nikaraqua və Kubada seçmək hüququ 16 yaşından yaranır.

7. Layihəyə görə, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 7-ci yarımbəndi əlavə edilməsi nəzərdə tutulur ki, bu yenilik əsasında Milli Məclisin deputatı qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda mandatından məhrum edilə bilər. Hətta təsəvvür etsək ki, Milli Məclisə bir neçə müxalifətçi seçilib, bu düzəliş onların fəaliyyətini «ipə-sapa yatırmaq», iqtidarın mənafeyinə uyğunlaşdırmaq, bu da nəticə vermədikdə, tam kənarlaşdırmaq üçün «gözəl» imkanlar yaradır.

8. Layihəyə əsasən Konstitusiyaya tamamilə yeni 981 maddəsi təklif olunur: «Azərbaycan Respublikası Milli Məclisinin buraxılması: Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır”. Reallıqda hətta hansısa hadisələr nəticəsində Milli Məclisin tərkibi balanslaşdırılmış (az-çox xalqın iradəsini ifadə etmiş) olsa belə, bu müddəa imkan yaradır ki, hakim partiyanın deputatları özləri sərfəli vaxtda süni olaraq etimadsızlıq barədə məsələ qaldırsınlar və etimadsızlıq göstərsinlər ki, Milli Məclis buraxılsın, sonra da daha sərfəli tərkibdə «seçilsin». Onu da əlavə edim ki, Milli Məclisin etimadsızlıq barədə qərarı əsasında Nazirlər Kabineti buraxılmır, belə qərar yalnız tövsiyə xarakteri daşıyır.

9. Konstitusiyanın 100-cü maddəsinə təklif edilən dəyişiklik prezidentliyə namizədlər üçün yaş senzini (35 yaş) aradan qaldırır; bu düzəlişə əsasən Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu o deməkdir ki, 18 yaşlı şəxs də dövlət başçısı ola bilər – kimsə deyə bilər ki, bu yaşında heç kəsin ali təhsili olmur – biz isə deyirik ki, ekstern ilə imtahanlar veribsə olur; təhsilini bir neçə il əvvəl başlayanda da olur.

10. Konstitusiyanın 101-ci maddəsinə təklif edilən dəyişikliklərlə bağlı əsas etibarilə prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması ciddi və düzgün tənqid edilir. Onsuz da say məhdüdiyyəti olmadan eyni şəxsin prezident ola biləcəyi dövlətdə, səlahiyyət müddətinin artırılması artıq avtoritarizmdən çox, totalitarizmi xatırladır. Onu bildirim ki, bu təklif dövlət başçısının səlahiyyət müddətini 7 il müəyyən etməklə, Azərbaycanı Fransa ilə deyil (orada müddət 2002-ci ildən 5 ilə endirilmişdir), Tacikistan və Özbəkistan ilə eyni sıraya çıxır. Bununla yanaşı, layihə müəllifləri dövlət başçısına yeni səlahiyyət - Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini təyin etmək səlahiyyəti də verirlər. Əlavə edilən cümlə imkan yaradır ki, dövlət başçısı özünün, yaxud dəstəklədiyi namizədin seçilməsi üçün ən əlverişli vaxtda növbədənkənar seçkilər elan etsin.

11. Layihədə ən çox etiraz doğan müddəalardan biri 1031-ci maddədir:

«Azərbaycan Respublikasının vitse-prezidentləri

I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir».

Bu o deməkdir ki, heç kəs tərəfindən seçilməmiş, dövlət başçısının fərdi qaydada təyin etdiyi şəxslər, hətta Baş Nazir, Konstitusiya və Ali Məhkəmə hakimlərindən fərqli olaraq parlamentin formal təsdiqini belə almamış şəxslər prezidentdən sonrakı ən mühüm dövlət postlarını tutacaqlar və bu cür təyinatlar, hətta etiraz doğuracaqları təqdirdə də mübahisələndirilə bilməz. Üstəlik, vitse-prezidentlərin heç sayı da bilinmir! ABŞ-da cəmi bir vitse-prezident olduğu, əksər dövlətlərdə ümumiyyətlə belə vəzifə nəzərdə tutulmadığı halda, kiçik Azərbaycanda sayı bilinməyən vitse-prezidentlər olacaq. Onu da deyim ki, ABŞ-da prezident seçkilərində səs verənlər bilirlər ki, hansı prezidentliyə namizəd seçiləcəyi təqdirdə kim vitse-prezident olacaq, yəni faktiki vitse-prezidenti də seçirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsi bu kimi təkliflərin referenduma çıxarılmasını yasaqlayır:

«Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz».

Konstitusiyanın 1-ci maddəsinin I hissəsində göstərilmişdir: «Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır».

Konstitusiyanın 2-ci maddəsinin II hissəsində göstərilmişdir: «Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir».

Gördüyümüz kimi, göstərilən maddələrin mətninə bilavasitə düzəlişlər edilməsə də, mənbəyi xalq olmayan, heç kəs tərəfindən seçilməyən və hətta parlamentin təsdiqini almayan vitse-prezidentlər təsisatı ilə həmin müddəalar əhəmiyyətli dərəcədə dəyişdirilir, mənasızlaşdırılır.

12. Layihədə Konstitusiyanın 105-ci maddəsinə təklif olunan «inqilabi düzəliş» Konstitusiyanın müqəddiməsində hələ 1995-ci ildən bəyan edilən hüquqi dövlət qurmaq niyyətini alt-üst edir. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə onun sələfi daha Baş Nazir deyil, vitse-prezidentlər (Birinci vitse-prezident və dövlət başçısının müəyyən etdiyi ardıcıllıqla digər vitse-prezidentlər) olmalıdır. Yəni xalq tərəfindən seçilməmiş, hətta Milli Məclisin təsdiq etmədiyi şəxslər prezident səlahiyyətlərini həyata keçirə bilərlər. O ki qaldı seçki müddətinin qısaldılmasına, burada Konstitusiya Seçki Məcəlləsindəki dəyişikliklərə uyğunlaşdırılır – görünür, müəlliflər düşünürlər ki, əgər növbəti seçkilər 2 aya keçirilirsə, növbədənkənər seçkilər də bundan artıq vaxt aparmamalıdır. Bu dəyişiklik də Konstitusiyanın 1 və 155-ci maddələri ilə bir araya sığmır.

13. 121-ci maddəyə təklif edilən dəyişikliklər nəticəsində Baş nazir, nazir, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin təyin edilməsi üçün yaş senzi (30 yaş) aradan götürülür. Xatırladım ki, hazırki Baş nazir Artur Rəsizadənin 81 yaşı bu ilin fevralında tamam olub (ona uzun ömür arzulayıram).

14. Layihənin 126-cı maddəsinə əsasən isə hakimlər üçün də yaş senzi aradan götürülür.

b) İnsan və vətəndaş hüquq və azadlıqları sahəsində təklif olunan dəyişikliklər barədə

15. Konstitusiyanın «Mülkiyyət hüququ» adlanan 29-cu maddəsinə təklif edilən düzəlişlərdə göstərilir:

«V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər».

Əvvəla, sosial öhdəliklər əsas etibarilə dövlət üçün səciyyəvi termindir. Burada ilk növbədə dövlətin pensiyalar, sosial yardım, müavinətlər, elm, təhsil, səhiyyə və s. bu kimi sahələrdə götürdüyü öhdəliklər nəzərdə tutulur. Sahibkarlara münasibətdə bu termin barədə yekdil fikir yoxdur: bəziləri iri şirkətlərin yerli əhalinin maraqlarını nəzərə edən fəaliyyəti nəzərdə tuturlar, digərləri təhsil və s. proqramların həyata keçirilməsini. 29-cu maddənin V hissəsinə təklif olunan yenilikdə isə xüsusi mülkiyyətin kimə aid olunduğuna fərq qoyulmur – bizə isə yaxşı məlumdur ki, mülkiyyətçilərin əksəriyyəti sahibkar deyil. Məsələn, mülkiyyətində bircə evi, yaxud tək mənzili olan şəxslər. Lakin təklif olunan meyarın qeyri-müəyyənliyi səbəbindən məhz adi mülkiyyətçilərin üzərinə yeni öhdəliklər qoyulmasına cəhd göstərilir. Eyni maddəyə təklif olunan VI hissə də mülkiyyət hüququ sahəsində son 8 ildə baş verən xoşagəlməz vəziyyəti daha da dözülməz edə bilər.

«Sosial ədalət» və «torpaqlardan səmərəli istifadə» anlayışlarının qeyri-müəyyənliyi burada çox ciddi özbaşınalıqlara şərait yarada bilər ki, nəticədə oliqarxlar deyil, adi insanlar zərər çəkər.

İkincisi, Konstitusiyanın yuxarıda istinad etdiyimiz 155-ci maddəsinə əsasən Konstitusiyanın 3-cü fəslində nəzərdə tutulmuş insan hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

Azərbaycan Respublikası 2002-ci ildən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya və ona dair bir neçə Protokolun iştirakçısıdır. Həmin Konvensiyaya dair 1 saylı Protokolda göstərilmişdir:

«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır».

Mülkiyyət hüququnun mücərrəd «sosial öhdəliklər» termini əsasında məhdudlaşdırılması nə Protokolun 1-ci maddəsinə, nə də ki, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin maddənin tətbiqi təcrübəsinə uyğun deyildir.

16. Konstitusiyanın 32-ci maddəsinə təklif olunan VI – VIII hissələr əslində qanunlara edilmiş dəyişikliklər nəticəsində («Daşınmaz əmlakın dövlət reyestri haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və s. qanunlar) artıq bir neçə ildir ki, həyata keçirilir. Hüquqa və məntiqə zidd olsa da, burada Konstitusiya adi qanunlara uyğunlaşdırılır. Əksər dövlətlərdə olduğu kimi, Azərbaycanda da uzun illər hər kəs kommersiya hüquqi şəxslərinin reyestr məlumatlarını, o cümlədən təsisçilər və onların payları haqqında məlumatları əldə edə bilərdi, bir neçə ildir ki, bu, yasaqlanmışdır. Həmin qanunlara edilmiş dəyişikliklər nəticəsində, məsələn, hər hansı şəxsin hansı şirkətlərdə payı olması, mülkiyyətində nə kimi daşınmaz əmlak, avtomaşın və s. barədə məlumat alınması mümkünsüz olmuşdur. Aydındır ki, bu dəyişikliklər adi vətəndaşların mənafeyinə xidmət etmir və beynəlxalq təcrübəyə uyğun deyildir.

32-ci maddəyə təklif olunan dəyişiklik Konstitusiyanın 50-ci maddəsinə («Məlumat azadlığı» ziddir.

Həmin maddənin I hissəsində deyilir: «Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır».
Bu dəyişiklər həm də İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinə («İfadə azadlığı): dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığına zidd olduğu üçün Konstitusiyanın 155-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

17. 47-ci maddənin III hissəsinə də dəyişiklik nəzərdə tutulmuşdur. Hazırda bu müddəada göstərilmişdir:
İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir.

Təklif olunur: İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir.

«Hər hansı digər meyar» «istənilən meyar» deməkdir. Sadələşdirsək, belə yazmaq olar: İstənilən meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir. Bu minvalla ifadə azadlığı heçə endirilə bilər: Azərbaycan təcrübəsində bu «uydurulmuş meyar» kimi tətbiq oluna, kütləvi repressiyalara daha da geniş meydan verə bilər, jurnalistləri, digər yazarları cinayət məsuliyyətinə, başqa məsuliyyətə cəlb etmə təhlükəsi altında fikirləri sərbəst ifadə etməkdən daşındırar. Bu təklif də Konstitusiyanın 155-ci maddəsinə əsasən referenduma çıxarıla bilməz.

18. 49-cu maddəyə edilən təklif sərbəst toplaşlaşmaq azadlığının daha da məhdudlaşdırılmasına xidmət edir. Belə ki, bu hüquqdan istifadə edilməsi qabaqcadan ictimai qaydanı pozmamaqla şərtləndirilir. Bu «yenilik» də sərbəst toplaşmaq azadlığının daha da məhdudlaşdırılmasına yönəlmişdir. Belə ki, ictimai qaydanı pozmamaq şərtinin pozulub-pozulmamasının əvvəlcədən proqnozlaşdırılması siyasi müxalifətin ucdantutdu bütün tədbirlərinin qarşısının alınması üçün istifadə oluna bilər. Konvensiyanın 155-ci maddəsi bu təklifin də referenduma çıxarılmasını yasaqlayır.

19. Konstitusiyanın 53-cü maddəsinin I hissəsinin hazırki redaktəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmə birmənalı olaraq istisna olunur. Layihə müəllifləri isə təklif edirlər ki, həmin müddəa bu şəkildə ifadə olunsun:
«Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz». Bu o deməkdir ki, vətəndaşlıqdan məhrum edilmə hallarının müəyyən edilməsi adi qanunlarda mümküm olur. Əslində adi qanun - Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununa 2014 – 2015-ci illərdə edilmiş dəyişikliklər artıq belə halları müəyyən edib, məsələn, onun 18-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində vətəndaşlığın itirilməsi üçün əsaslardan biri kimi Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı göstərilmişdir. Həmin maddədə «Vətəndaşsızlığın ixtisari haqqında» Konvensiya müddəalarının nəzərə alınması göstərilsə də, Azərbaycan Respublikası həmin sənədi imzayarkən və ratifikasiya edərkən heç bir qeyd-şərt edilmədiyindən, Konvensiyaya əsasən vətəndaşlığın itirilməsinə o zaman yol verilə bilər ki, o şəxsin vətəndaşlıqsız qalması ilə nəticələnməsin. Təkcə iki istisna var: 1) başqa dövlətin vətəndaşlığını qəbul etmiş şəxs müvafiq qanunla müəyyən edilən (yeddi ildən az olmamaq şərtilə) müddətdə fasiləsiz xaricdə yaşayarsa, öz vətəndaşlığını saxlamaq niyyətini müvafiq hakimiyyət orqanına bildirmədiyi təqdirdə vətəndaşlığını itirə bilər; 2) vətəndaş bu dövlətin ərazisində doğulmayıbsa, bu dövlətin qanunu onun yetkinlik yaşına çatandan bir il keçdikdən sonra həmin dövlətin vətəndaşlığını saxlamasını bu dövlətin ərazisində yaşaması və ya müvafiq orqanlarda qeydiyyatdan keçməsi ilə şərtləndirə bilər.

Müasir dövlətimizin hüquqi təməl daşı olan 1991-ci il Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 18-ci maddəsi vətəndaşlıqdan məhrum etməni birmənalı yasaqlayır.
Layihə müəllifləri bilmədən, yaxud da bilərəkdən «vətəndaşlığı itirmə» və «vətəndaşlıqdan məhrum edilmə» anlayışlarını qarışdırmaqla, hüquqi ziddiyyətli bir müddəa təqdim etmişlər. Başlıcasi isə, bu hüquq novellası aşkar avtoritar xarakter daşıyır, belə ki, imperativ qaydada indiyə kimi qəbul edilməsi qadağan olan qərarı (vətəndaşlıqdan məhrum etmə) mümkün edir və SSRİ-nin totalitarizm çağlarında mövcud bir münasibətlər sisteminə belə qayıdış bizim yaxın gələcəyimiz üçün heç də yaxşı nəticələr vəd etmir.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev hələ 2000-ci ildə yazırdı: «İnsanın vətəndaşlıq hüququ əsas və ən vacib hüquqdur. Buna görə də, vətəndaşlıqdan məhrum etmə qeyri-insani aktdır».

XS
SM
MD
LG