Accessibility links

Fuad Əhmədli Penitensiar Xidmətin xəstəxanasına köçürülüb


4 il azadlıqdan məhrum edilən müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin oktyabrın 5-də Penitensiar Xidmətin xəstəxanasına köçürüldüyü bildirilir.

Məlumatı AzadliqRadiosuna onun atası Zəfər Əhmədli verib.

Zəfər Əhmədli oğlu ilə iki gün əvvəl, oktyabrın 4-də görüşüb. O, oğlunun ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkdiyini söyləyir:

“Oğlum həbsdən əvvəl ağciyər xəstəliyi ilə bağlı əməliyyat olunub, buna görə qapalı yerdə qala bilməz, Ali Məhkəmədə proses zamanı 1 ay Kürdəxanıdakı təcridxanada qaldı, ordan qayıdandan sonra vəziyyəti pisləşmişdi, nəfəs ala bilmirdi. İkinci problem böyrək ağrılarıdır. Görüş zamanı rəisə dedim ki, heç olmasa müayinədən keçirsinlər, vəziyyəti yaxşı deyil. Oktyabrın 5-də həbsxanadan zəng etdilər ki, artıq xəstəxanaya aparıblar”.

Bu məlumatı, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb.

İttihama görə, o, operator işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb. AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.Yuxarı məhkəmə instansiyaları hökmü qüvvədə saxlayıb.

Fuad Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymır.

XS
SM
MD
LG