Accessibility links

Fuad Ağayev: Azərbaycan iqtidarı “respubilkadan” başqa ideyalara köklənməkdədir


Fuad Ağayev
Fuad Ağayev

Bu gün, oktyabrın 18-də Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir. Bu bayram bu günlərədk Dövlət Müstəqilliyi Günü adlanırdı.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa edib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti (parlament) bir neçə günlük müzakirələrdən sonra Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

30 ildən sonra, 2021-ci il oktyabrın 15-də Azərbaycanın Milli Məclisi “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edib. Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Qanuna əsasən həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

İctimai xadim, 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan şəxslərdən olan Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində müstəqilliyin tarixi dərslərindən danışıb. O, bayram günlərinin adının dəyişdirlməsinə ehtiyac olmadığını bildirib.

Fuad Ağayev: Azərbaycan iqtidarı “respubilkadan” başqa ideyalara köklənməkdədir
please wait

No media source currently available

0:00 0:05:41 0:00

Amerikanın Səsi: Fuad bəy, Azərbaycanda Müstəqillik Gününün adını dəyişdirdilər. Münasibətinizi necədir?

28 may 1918-ci ildə təsis edilməsi, qurulması, yaradılması bəyan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti şərqdə, islam şərqində, islam dövlətləri arasında ilk monarxiya olmayan, monarxiya üsul-idarəsi olmayan dövlət idi.

Fuad Ağayev: Hesab edirəm ki, sonuncu qanunun qəbul edilməsinə heç bir lüzun yox idi. 30 il qanunla müəyyən edilmiş Respublika Günü - 28 May və 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü bayramlarının adı müəyyən edilmişdi. Heç kim həmin bayramların adının dəyişdirilməsini təklif etmirdi, bu barədə təşəbbüslərlə çıxış etmirdi. Bu qədər müddətdən sonra, əlbəttə 30 il ötəndən sonra həmin dövrə retrospektiv, başqa cür yanaşma hesab edirəm ki, doğru deyil. Xüsusən, Respublika Gününün adının dəyişdirilməsi tamamilə lazımsız bir addım idi. Belə ki, 28 may 1918-ci ildə təsis edilməsi, qurulması, yaradılması bəyan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti şərqdə, islam şərqində, islam dövlətləri arasında ilk monarxiya olmayan, monarxiya üsul-idarəsi olmayan dövlət idi. Yəni, ilk dövlət idi ki, o, respublika üsul-idarəsinə əsaslanırdı. Həmin günün adının dəyişdirlməsinə, hesab edirəm ki, heç bir ehtiyac yox idi. Bir şeyi də nəzərə alaq ki, Azərbaycanın hazırki ərazisində Xalq Cümhuriyyətinə qədər də dövlətlər mövcud olub. O cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin sələfi sayılan Quba xanlığı, başqa xanlıqlar mövcud olub. Həmin gün ilk növbədə onunla səciyyələnmişdi ki, Azərbaycan şərqdə, islam dövlətləri arasında birinci olaraq cümhuriyyət ideyasını irəli sürdü və bunu iki ilə yaxın həyata keçirdi.

Amerikanın Səsi: Müstəqilliyin tarixi dərsləri nədir və bu gün üçün nələri verib?

Fuad Ağayev: Bununla bağlı müxtəlif yanaşmalar mövcud ola bilər. Bəziləri deyir ki, Azərbaycanın müstəqilliyi bir hədiyyə idi. Deyirlər ki, SSRİ-nin dağılması labüd idi, onsuz da Azərbaycan da ayrıldı. Birincisi, Azərbaycan ayrılmadı. Azərbaycan öz müstəqilliyini bir daha bəyan etdi və qanuniləşdirdi, konstitusiyalaşdırdı. Bu prosses ani olmadı. Səndən hərəkət, məndən bərəkət. Xalq hərəkatı olmasa idi, vəziyyət xeyli dərəcədə fərqli ola bilərdi. Azərbaycan ərazisi indiki dövlət sərhədlərindən qat-qat daraldılmış vəziyyətdə ola bilərdi. Lakin onu nəzərə almalıyıq ki, bu müddətdə, 30 il ərzində əlbəttə ki, bizim istəklərimizin xeyli hissəsi həyata keçirilmədi. Əgər doğrudan da, Azərbaycan parlamenti xalqın iradəsi əsasında formalaşsa idi, hesab edirəm ki, bu cür qanunun qəbul edilməsi mümkünsüz olardı. Artıq respublika adının çıxarılması onu göstərir ki, Azərbaycan iqtidarı hansısa başqa ideyalara köklənməkdədir.

Amerikanın Səsi: Müstəqillik dövründə Azərbaycanda insan hüquqları sahəsində hansı irəliləyişlər olub? Çünki Sovet dönəmində daha çox işgəncələrdən, qeyri-insani rəftarlardan danışılırdı.

Fuad Ağayev: Mən hüquq sahəsindəki fəaliyyətimə 80-ci illərin əvəllərində, Sovet dönəmində başlamışam. Müqayisə etsək, onu deyə bilərik ki, bütün bu ciddi insan hüquq və azadlıqlarının pozulmasının sayı, əfsuslar olsun ki, müstəqillik dövründə dəfələrlə artdı. Həm keyfiyyət baxımından, həm də kəmiyyət baxımından artdı. Baxmayaraq ki, Azərbaycan insan hüquq və azadlıqları sahəsində bir sıra beynəlxalq hüquqi öhdəliklər götürüb. O cümlədən, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və ona əlavə protokollar, vətəndaş hüquqları və siyasi hüquqlar haqqında BMT-nin 1966-cı il beynəlxalq paktı və sair çoxsaylı konvensiyalar, digər beynəlxalq müqavilələr əsasında hüquqi öhdəliklər götürməsinə baxmayaraq heyf ki, Azərbaycanda bu sahədə irəliləyiş deyil, tənəzzül müşahidə edirik.

Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşib, ağır sınaqlardan keçib.

“Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir,” o qeyd edib.

Azərbaycan prezidenti hesab edir ki, Azərbaycan tarixinin bu ağır dönəmində atası Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdıb.

“Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı,” Əliyev bildirib.

“Mənim təşəbbüsümlə irəli sürülmüş qanun layihəsinin qəbul olunması ilə bu ildən etibarən 18 Oktyabr ölkəmizdə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəkdir. Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq. Yaxın tariximizin bu əlamətdar hadisəsi münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!” prezident xalqa müraciətində bildirib.

Bununla yanaşı, Azərbaycan hökuməti ölkədə bütün fundamental hüquq və azadlıqların tam bərpa edildiyini, insanların təqib edilmədiyini, azad serçkilərin keçirildiyini bəyan edir.

Lakin Azərbaycan media azadlığı üzrə beynəlxalq reytinqdə 180 ölkə arasında 167-ci sırada qərarlaşıb. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.

ATƏT-in Demokratk Təsisatlar və İnsan Haqları Bürosu isə Azərbaycanda son seçkilərin qeyri-azad şəraitfə keçirildiyini bildirib.

“Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.”

Bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərini birgə müşahidə missiyasının bəyanatında deyilir.

XS
SM
MD
LG