Freedom House hüquq müdafiə təşkilatı dünyada İnternet azadlığının vəziyyəti haqqında illik hesabat yayıb.
Qlobal azadlıqların məhdudlaşdırılması təmayülü artıq ardıcıl olaraq dörd ildir ki, müşahidə olunur. Bu, yeni qanunların qəbul edilməsində, internetdə fərqli düşüncəyə görə cinayət məsuliyyətində, internet üzərində dövlət nəzarətinin sərtləşdirilməsində, İnternetdə fəaliyyətə görə həbs edilənlərin sayının artmasında özünü göstərib.
Daha az demokratik dövlətlərdə vəziyyət xüsusən problemlidir. Bu ölkələrdə vətəndaşlar hökumətin əməllərindən şikayət etmək və ya mübahisə etmək imkanına malik deyillər.
Ötən il İnternetdə vəziyyətin ən ciddi pisləşməsi Rusiya, Türkiyə və Ukraynada müşahidə olunub. ABŞ-da vətəndaşlar Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənilib.
İnternet azadlığı sahəsində ən pis vəziyyət İran, Suriya və Çindədir. Az sayda ölkələrdə vəziyyətin sabit şəkildə yaxşılaşdığı qeydə alınıb, deyə məruzənin xülasəsində qeyd edilib.
Azərbaycana aid hissədə bildirilir ki, ölkə İnternetə çıxış sahəsində qismən azad ölkə olub və belə də qalmaqdadır. Ötən il ərzində İnternet infrastrukturunda bəzi yaxşılaşmalar olub, bütün ölkədə genişmiqyaslı internetin tətbiqi üzrə planlar nəzərdə tutulub. Eyni zamanda, bütünlükdə İnternetin keyfiyyəti aşağı olaraq qalmaqdadır, xüsusən, paytaxtdan kənarda.
Bundan başqa, dövlət təhlükəsizlik orqanları istədikləri zaman İnternet-provayderlərə nəzarət edir. Rabitə Nazirliyi İnternetə çıxış üzərində inhisarı əlində saxlayır.
2013-cü ilin sonuna doğru Azərbaycanda İnternetə çıxış 58,7% (2012-ci ildə 54,2%) səviyyəsində olub.
Kəndlərdə İnternetə çıxış əvvəlki kimi çətindir, rabitənin keyfiyyəti isə ortadan aşağıdır. 2013-cü ilin sentyabrında hökumət 2017-ci ilə qədər bütün ölkə ərazisində genişzolaqlı İnternet infrastrukturunun yaradılması üzrə 131 mln. dollar dəyərində böyük plan elan edib. Lakin bu təşəbbüs çıxılmaz vəziyyətə düşüb.
Azərbaycan İnternet Forumunun məlumatına görə, internetə çıxış bir çox azərbaycanlılar üçün bahalı məhsul olaraq qalır, xüsusən, qonşu ölkələrlə müqayisədə. Bürokratik maneələr 4G LTE şəbəkəsinin tətbiq edilməsində gecikmələrə səbəb olub.
Prezident seçkiləri ərəfəsində Naxçıvanda hakimiyyət tərəfindən İnternet-kafelər bağlanıb. Kafe sahibləri deyiblər ki, Rabitə Nazirliyi seçkilər ərəfəsində internetdə fərqli fikirlərin qarşısını almağa çalışır.
2014-cü ilin mayına olan vəziyyətə görə, Mətbuat şurası internetin vəziyyəti haqqında heç bir hesabat verməyib və Azərbaycanda mətbuat azadlığının vəziyyəti ilə bağlı heç bir problem qaldırmayıb.
Eyni zamanda, ölkə prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu onlayn-medianın azad olduğunu iddia edir.
Hökumət istifadəçilərin qorxudulması və həbsi kimi nəzarət metodlarından istifadə edir. Bundan başqa, hökuməti tənqid edən bəzi saytlar bağlanır (susmayaq.biz və s.). Eyni zamanda, hökumətyönümlü resurslarda sosial şəbəkələrə qarşı psixikaya təsir edən zərərli vərdiş kimi təbliğat aparılır.
Bundan başqa, müstəqil və ya müxalif KİV hakimiyyət tərəfindən cərimə və məhkəmə iddiaları kimi əlavə təzyiqlə qarşılaşır.
Müxalif “Azadlıq” qəzeti hakimiyyət tərəfindən cəriməyə və təzyiqlərə məruz qalıb. Son bir neçə il ərzində 44 dəfə. Və KİV-ə qarşı təzyiq güclənir. Eyni zamanda, tənqidi materiallar dərc etmiş istifadəçilərə qarşı məhkəmə iddiaları qeydə alınıb.
Ölkədə 150 000-dən çox bloger var, bloqların 1000-ə yaxını ingilis, rus və digər dillərdədir.
Əli Novruzov, Emin Milli, Emil Bağırov, Etibar Salmanlı, Arzu Qeybullayeva, Zaur Qurbanlı kimi blogerlər müstəqil baxışlarına görə məşhurdurlar və İnternetdə 50000-dən 70000-ə qədər istifadəçi onları oxuyur.
Azərbaycanda 10-dan çox internet radiostansiyası və televiziya kanalı, 40-dan çox xəbər saytı var, 100 000-dən çox istifadəçi onlayn TV-yə baxır.
Qeydiyyatdan keçmiş facebook istifadəçilərinin sayı 2011-ci ilin dekabrında 700 000-dən 2013-cü ildə 1 000 000-dan çox rəqəmə çatıb.
Azərbaycan hökuməti onlayn-istifadəçiləri, xüsusən hakimiyyəti tənqid edən gənc fəalları və jurnalistləri həbs və təqib etməyə davam edir.
Bu fonda hakimiyyət bir çox blogerləri xuliqanlıq və digər saxta ittihamlarla həbs və mühakimə edib.
Məruzədə son iki ildə hakimiyyət tərəfindən mühakimə olunmuş bütün blogerlərin və internet fəallarının siyahısı təqdim edilib.