Fransa ATƏT-in Minsk qrupunun digər həmsədrləri – ABŞ və Rusiya ilə birlikdə Qarabağ münaqişəsinin “beynəlxalq hüquq normalarına uyğun, Madrid prinsipləri və ərazi bütövlüyünə hörmət əsasında” həllinin tərəfdarıdır. Bu barədə Bakıda keçirilən mətbuat konfransında Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Desir bildirib.
Bakıya səfərinin Qarabağda vəziyyətin gərginləşməsi fonunda baş verdiyini deyən Desir bildirib ki, sülh mesajı gətirib, dünən bu mesajı Yerevana artıq çatdırıb.
“Sülh mesajı deyərkən, biz gərginlik yüksək olduğu üçün yeni müharibənin başlamsı təhlükəsi olduğunu nəzərdə tuturuq. Yeni müharibə mülki əhaliyə əzab-əziyyət gətirəcək”, Desir bildirib.
Fransa Rusiya və ABŞ-la birlikdə münaqişənin uzunmüddətli həllini tapmağa can atır. “Biz Madrid prinsiplərinin tətbiq edilməsini istəyirik. Əsas güc tətbiqindən imtina, münaqişənin dinc yolla həllidir”, deyən Desir əlavə edib ki, sülh sazişi hər iki tərəfdən güzəştlər nəzərdə tutur.
2014-cü ilin oktyabrında Fransa prezidenti tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin sammitinin təşkil edildiyini xatırladan Desir bildirib ki, bu danışıqlardan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə itkin düşmüşlərin taleyinə aydınlıq gətirilməsi, qarşılıqlı etimad tədbirlərinin görülməsi məqsədilə görüşlər keçirilib.
Ermənistan prezidenti Serj Sarkisyanın danışıqların davam etdirilməsinin qeyri-mümkün olduğu haqqında bəyanatını şərh etmək xahişinə cavabda Desir yayınaraq bildirib ki, dialoqa elə indi başlamaq lazımdır.
Ermənistanın BMT TŞ-nin işğal edilmiş ərazilərin azad edilməsi haqqında 4 qətnaməsini yerinə yetirmədiyini xatırlatdıqda Desir deyib ki, Fransa ABŞ və Rusiya ilə birlikdə münaqişənin “beynəlxalq hüquq normalarına uyğun, Madrid prinsipləri və ərazi bütövlüyünə hörmət əsasında həllinin tərəfdarıdır”.
Bu gün Bakıda Fransa liseyində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun və Fransa XİN-in Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezirin iştirakı ilə Azərbaycan-Fransa Universitetinin yaradılması haqqında memorandum imzalanıb.
Yeni ali məktəbin yaradılmasında Strasburq Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti iştirak edib.
Desir bildirib ki, yeni tədris ilində açılması nəzərdə tutulan Azərbaycan-Fransa Universitetində iki fakultə - kimya və yüksək texnologiyalar fakultəsi fəaliyyət göstərəcək.
Bir müddət əvvəl Bakıda Fransa liseyi yaradılıb, burada Azərbaycan və Fransız dillərində təhsil verilir ki, bu da ikitərəfli münasibətlərin uğurlu inkişafının nəticəsi olub, deyə Desir bildirib.
Ümumiyyətlə, o, ikitərəfli münasibətləri dinamik, dostluq və strateji münasibətlər kimi səciyyələndirib. Əsas sahələr arasında o, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və təhsili qeyd edib.