Accessibility links

Fransa hərbi qüvvələri Malinin şimalına doğru irəliləməyə başlayır


Malinin şimalına nəzarət edən islamçı militantların bu həftənin əvvəlində ələ keçirdikləri Niono qəsəbəsi istiqamətində Fransa qüvvələri hərbi əməliyyata başlayıb.

Fransanın müdafiə naziri Jan-İf Le Drian Malidə döyüşlərin uzun sürəcəyini və hərbi qüvvələrin paytaxtdan üsyançıların nəzarətində olduğu ərazilərə tərəf hərəkət etdiyini bildirib.

“Bu gün quru qüvvələri irəliləməyə başlayıb. Bu günə qədər hərbi qüvvələr Bamakoda xalqı, Avropa vətəndaşlarını və şəhəri qoruyurdu. Bu gün isə Fransa hərbi qüvvələri şimal istiqamətində hərəkət edir” -deyə cənab Le Drian bildirib.

"Amerkanın Səsi"nin müxbiri An Luk tank karvanının Bamakodan şimal istiqamətində irəliləməyə başladığını bildirib.

Fransa Malinin keçid hökümətinin müraciətinə əsasən qoşunlarını cümə günü əraziyə göndərib və 2500 əsgər üçün lazımı hərbi texnikanın ölkəyə daşınmasını davam etdirir. Fransa hökuməti hərbi qüvvələrin Malidə stabillik əldə olunana qədər qalacağını deyir.

Nigeryanın 190 əsgərini Maliyə göndərəcəyi gözlənilir. BMT islamçı yaraqlılara qarşı mübarizə aparmaq məqsədilə Qərb Afrika ölkələrinə Maliyə ümumilikdə 3300 əsgər göndərməyə icazə verib.
XS
SM
MD
LG