Accessibility links

Fransa COVID yoluxmalarının üçüncü dalğası ilə mübarizə aparır


COVID-19 peyvəndlərinin tətbiq edilməsinə baxmayaraq, Fransa ölkədə virusun yenidən yayılmasının qarşısını almaq üçün yeni tədbirlər həyata keçirmək üçün bir daha təzyiq altındadır.

Fransa paytaxtında vəziyyət yenidən sürətlə pisləşir. Paris bölgəsindəki xəstəxanalar dolmağa yaxındır və səhiyyə mütəxəssisləri hər gün COVID xəstələri üçün çarpayı tapmağa çalışır. Bazar ertəsi Fransada ölkə boyu reanimasiya şöbələrində 4,200-dən çox xəstə olub.

Pandemiyanın üçüncü dalğası Fransada bir reallıqdır və səhiyyə işçiləri yataq çatışmazlığı problemini həll etmək üçün ağır xəstə olan COVID xəstələrini ölkənin digər bölgələrinə köçürür.

Avropanın ən böyük səhiyyə sistemi olan Hopito de Paris-in direktoru Enrike Kazalino hər 12 dəqiqədə bir yeni xəstənin reanimasiya şöbəsinə yerləşdirildiyi Paris bölgəsində epidemiya ilə bağlı vəziyyətin pisləşdiyini bildirir. Kazalinonun fikrincə, xəstlərin Fransanın digər bölgələrinə tibbi evakuasiyası böhranın müvəqqəti bir həlli yoludur. O yalnız iki seçimin olduğunu qeyd edib: birincisi, əhalinin 70% -ni qorumaq üçün sürətli və kütləvi peyvəndləmə kampaniyası. O hazırda bunun Fransada gerçəkləşməsinə şübhə edir. Digər seçim isə virusun daha da yayılmasının qarşısını almaq üçün ciddi karantinin tətbiq olunmasıdır.

Peyvəndlərin tədarükündəki gecikmələrdən əlavə, Fransa yan təsirləri ilə əlaqədar ictimai narahatlıqlara görə AstraZeneca peyvəndinin istifadəsini dayandıran Avropa ölkələri sırasındadır.

Dyunkörk və Nitsa da daxil olmaqla, Fransanın bəzi qaynar nöqtələrində karantin tətbiq edilsə də, bu, paytaxt bölgəsinə şamil edilməyib.

Yanvarın sonundan etibarən gecələr ölkə boyu komendant saatı qüvvədədir və barlar, restoranlar, muzeylər, kinoteatrlar qapalı qalır.

Hələ də Paris bölgəsində ümumi karantin qərarı verilməyib.

Fransanın həftəlik Le Point nəşrinin direktor müavini Jerom Beqli Paris bölgəsində karantinin ölkə boyu karantinə bərabər olduğunu hesab edir. Belə ki, 12 milyon insanın yaşadığı bu bölgə Fransanın hələ də turistlərin ziyarət etdiyi əsas iqtisadi mərkəzidir.

Bazar ertəsi qonşu İtaliyada yeni məhdudiyyətlərin tətbiq edilməsi ilə Fransa Prezidenti Emmanuel Makron ölkə boyu üçüncü karantinin tətbiq fikrinə müqavimət göstərib.

Fransanın baş naziri Jan Kaste mövcud vəziyyətdə ölkə boyu karantinin istisna olunmayan son variant ola biləcəyini bildirib. O, əhalinin üzərinə ağır yük düşəcəyi üçün bunun baş verməsinə yol vermək istəmədiyini deyib.

COVID səbəbiylə Fransada indiyə qədər 90 mindən çox insan ölüb. Gələn ay ölkədə ölüm hallarının sayının 100 minə çatacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG