Accessibility links

Koronavirus sürətlə artdığı üçün Fransa komendant saatını uzadıb


Fransa cümə axşamı əhalinin üçdə ikisinə komendant saatını uzadıb. Avropada pandemiyanın ikinci dalğasının artdığı bir vaxt koronavirusa yoluxan Belçikanın xarici işlər naziri reanimasiyaya yerləşdirilib.

Fransanın baş naziri Jan Kasteks keçən həftə Paris və digər 8 şəhərdə komendant saatının uzadılacağını və ölkənin daha 38 bölgəsində tətbiq ediləcəyini deyib. 67 milyon əhalisi olan Fransada 46 milyonun insana axşam saat 9-dan səhər 6-ya qədər komendant saatı tətbiq ediləcəyi bildirilib.

“Fransa və Avropada koronavirus epidemiyasının ikinci dalğası davam edir. Vəziyyət çox ciddidir ” - deyə, Kasteks mətbuat konfransında bildirib.

Tədbirlər barədə məlumat açıqlandıqdan bir müddət sonra Fransanın səhiyyə orqanları 41 min 622 yeni təsdiqlənmiş yoluxma hallarının qeydə alındığını bildirib və bununla ölkə boyu COVİD-19-a yoluxanların sayı 999 min 043-ə çatıb.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, çərşənbə günü dünya boyu bir gündə 423 min 290 yoluxma halı qeydə alınıb.

Bu həftə yoluxma sayı 1 milyonu keçən İspaniyanın səhiyyə naziri Salvador İlla epidemiyanın bir çox sahələrdə "nəzarətdən çıxdığını" deyib. Ölkənin region rəsmiləri komendant saatı ilə bağlı müzakirələr aparsalar da, qərar qəbul etməyiblər.

Mart və aprel aylarında həyata keçirilən sərt məhdudiyyətlərdən sonra epidemiyanı nəzarətə alan Avropada son həftələr yoluxmaların artması ilə qitə yenidən böhranın mərkəzinə çevrilib.

Xəstəxanaya yatırılma və ölüm halları bu ilin əvvəlindəki ilk dalğa dövründə olduğu qədər olmasa da, ölkə rəsmiləri vəziyyətin ağırlaşacağından narahatdır.

Gündəlik 10 mindən çox yoluma halı qeydə alındığını bildirən Almaniya vətəndaşlarına İsveçrə, İrlandiya, Polşa, Avstriyanın bəzi bölgələri və Roma da daxil olmaqla, İtaliyanın əksər bölgələrinə səyahət etməmək barədə xəbərdarlıq edib.

Avropanın Xəstəliklərin Qarşısının Alınması və Profilaktika Mərkəzinin bildirdiyinə görə, Avropada 5.3 milyondan çox insan koronavirusa yoluxub və 204 mindən çox insan ölüb.

XS
SM
MD
LG