Accessibility links

Fransa Qəzzaya tibbi yardım göstərmək üçün hərbi gəmi göndərir


Fransa prezidentinin ofisi bildirib ki, Fransa müharibədən zərər çəkmiş Qəzzaya tibbi yardım göstərmək üçün Dixmude helikopter daşıyan gəmini Aralıq dənizinin şərqinə göndərməyə hazırlaşır.

Prezident Emmanuel Makronun ofisinin bildirdiyinə görə, Dixmude "həftənin əvvəlində yola düşəcək və yaxın günlərdə Misirə çatacaq". Həftənin əvvəlinə 10 tondan çox tibbi ləvazimat daşıyan çarter reysi də planlaşdırılır.

"Fransa, həmçinin 23 və 30 noyabr tarixlərində Avropa səylərinə töhfə olaraq, Avropa reysləri ilə tibbi avadanlıq da göndərəcək" - deyə, prezident ofisi bildirib.

Əlavə edilib ki, "Fransa Qəzza zolağından təcili yardıma ehtiyacı olan yaralı və xəstə uşaqların öz xəstəxanalarına təxliyəsi üçün bütün mövcud imkanlarını səfərbər edib".

Makron daha sonra Twitter kimi tanınan X sosial media səhifəsində bildirib ki, "əgər lazım olarsa" 50-yə qədər uşaq Fransadakı xəstəxanalarda müalicə oluna bilər.

İsrail fələstin silahlı qruplaşmasının oktyabrın 7-də ölkə tarixində ən qanlı hücumu həyata keçirməsindən sonra HƏMAS-ı məhv edəcəyinə söz verib.

İsrail rəsmilərinin bildirdiyinə görə, hücum zamanı İsraildə əksəriyyəti mülki şəxs olmaqla, 1200-ə yaxın insan həlak olub, 240-a yaxın insan girov götürülüb.

HƏMAS rəsmilərinin bildirdiyinə görə, İsrailin hərbi müdaxiləsi nəticəsində əsasən mülki vətəndaşlar və 5 mindən çoxu uşaq olmaqla, Qəzzada 13 min insan həlak olub.

Makronun ofisi bazar günü bildirib ki, o, İsrailin baş naziri Benyamin Netanyahuya Qəzzada "mülki əhali arasında itkilərin həddindən artıq çox" olduğunu deyib.

Fransa lideri həmçinin Netanyahuya "terrorçuları əhalidən ayırmağın mütləq zərurətini" və "atəşkəsə aparan təcili humanitar barışıq əldə etməyin vacibliyini" xatırladıb.

Makron şənbə günü Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani və Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə HƏMAS-ın Qəzzada saxladığı girovların azad edilməsi ilə bağlı davam edən danışıqlar barədə müzakirələr aparıb.

Forum

XS
SM
MD
LG