Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.
Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, ictimai xadimlər daxildir.
Forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək.
Rəsmi açılış mərasimində prezident İlham Əliyev, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni çıxış edib. BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə baş katibi Xose Qraziano da Silvanın müraciəti oxunub.
Prezident İlham Əliyev bildirib ki, mədəniyyətlərarası dialoq olmasa, bütün dünya təhlükə ilə üzləşər.
“Azərbaycan sivilizasiyaların qovuşduğu məkan rolunu oynayır. Ölkəmiz tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayır. Fəxr edirik ki, 743-cü ildə tikilmiş məscid Şamaxı şəhərində yerləşir. Qədim kilsələrdən biri isə Şəki şəhərindədir. Zərdüşt dininə aid olan atəşgah da Azərbaycandadır. Bu gün ölkəmizdə mövcud olan məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur, bərpa edilir", o qeyd edib.
Dövlət başçısı ölkənin multikultiralizm sahəsində uğurlarından danışarkən deyib ki, uğurlar azad olmaqla bağlıdır.
“Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü qeyd etdik. Bütün bunlar göstərir ki, taleyiniz öz əlinizdə olan zaman böyük uğurlara imza atırsınız. Yalnız azad olan zaman böyük uğurlar qazana bilərsiniz. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda köklərinə bağlıdır".
Əliyev çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer verib. O münaqişənin nizamlanmasına nail olunmamasında beynəlxalq güclərin ikili standartlarla yanaşmasını göstərib.
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda tarixi, dini abidələrimizi, bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib".
O Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsinin indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.BMT-nin qətnamələrinin icrası ilə bağlı mexanizmi yoxdur.
"Bəzən BMT qətnamələri bir neçə gündə, hətta saatlar ərzində icra olunur. Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir”.
Əliyev Azərbaycandakı tolerantlğın, multikuliralizm ənənələrinin dünya üçün nümunə olduğunu misallarla izah edib.
"Bakı prosesi"nə start verilib: "2008-ci ildə Avropa Şurası ölkələri nazirlərinin toplantısını keçirən zaman müsəlman ölkələri nazirlərini dəvət etdik, mədəniyyətlərarası dialoqu müzakirə etdik. 2009-cu ildə müsəlman ölkələri nazirlərinin toplantısına isə Avropa ölkələrinin nazirlərini dəvət etdik. Azərbaycan mədəniyyətlərarası dialoqda bu rolu oynamaqla fəxr edir. Təklif edilib ki, Bakı prosesi mükafatı təsis olunsun, mədəniyyətlərarası dialoqa töhfə verən insanlara təqdim edilsin".
Dövlət başçısı bildirib ki, 2015-ci ildə ilk dəfə Bakıda Avropa Oyunları keçirilib.
"Azərbaycanın təşəbbüsü olmasaydı, Avropa Oyunları keçirilməzdi. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə multikulturalizmin daha bir nümayişidir. Avropa Oyunlarında 5 min idmançı iştirak etdi. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik, 3 mindən artıq idmançı ölkəmizə gələcək. Biz bununla xalqları, xüsusən müsəlman xalqlarını birləşdiririk. Azərbaycan İslam dəyərlərini təşviq etmək üçün müxtəlif tədbirlər keçirir. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön cərgəsində dayanır. Multikulturalizm sahəsində Azərbaycan artıq beynəlxalq mərkəzə çevrilib".
Prezident bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə böyüyüb.
“Xarici borcumuz ümumdaxili məhsulumuzun yalnız 20 faizini təşkil edir. Yoxsulluq 5, işsizlik 6 faizə düşüb. İqtisadi rəqabət qabiliyyətinə görə Azərbaycan 37-ci yerdədir. Azərbaycanın təhsil sahəsinə böyük sərmayə yatırır, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Son 10 ildə 3 minə qədər məktəb tikilib, əsaslı təmir olunub. Ekstremizm həm də savadsızlıqdan irəli gəlir, savadsız gənc nəsil terror aktlarına cəlb olunur. İlk növbədə radikalizmi yaradan səbəbləri, sosial bərabərsizliyi aradan qaldırmalıyıq".
Dövlət başçısı qeyd edib ki, bəzi siyasətçilər reytinq üçün proqramlarını dəyişir, radikal çıxışlar edirlər.
"Belə QHT-lər də var. QHT-lərin də məsuliyyəti mühümdür. Onlar da bəzən bilərəkdən və ya bilməyərək terrorizmin maliyyələşdirilməsində iştirak edir. Burada medianın da rolu böyükdür. Bəzən bu cür hərəkətlər səhv məlumatlardan qaynaqlanır”, o qeyd edib.
UNESCO-nun baş direktoru İrina Bokova deyib ki, bəşəriyyətin zənginliyi mühafizə edilməlidir.
“Biz qlobal vətəndaşlığı da təbliğ edirik. UNESCO üçün sülh, əmin-amanlıq vacibdir. Həmrəyliyə, anlaşmaya ehtiyacımız var. Biz innovasiyalara rəvac verməli, Azərbaycan prezidentinin qeyd etdiyi kimi, müxtəliflikləri qəbul etməliyik”.
Xanım Bokova radikalizmin, terrorçuluğun, millətçiliyin, soyqıaımların, münaqişlərin qarşısının alınmasında maarifçiliyin böyük rolunu önə çəkib.
“Maarifləndirmə səviyyəsini artırmalıyıq. İrqçiliyə, potensial soyqırımlara qarşı önləyici tədbirləri, dialoqu, sülhü daha da gücləndirməliyik. Mədəni müxtəliflik bəşəriyyətin qürur mənbəyi olmalıdır. Bakı prosesi bir platformaya çevrilib”, o qeyd edib.
BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser deyib ki, hərbi münaqişələrin qarşısı alınmalıdır.
“İnsan hüquqlarının qorunması önəmlidir. Mədəniyyətlərarası dialoqdan münaqişələrin qarşısının alınması, barışıq vasitəsi kimi istifadə etməliyik. Bakı prosesinin də əsas məqsədi dayanıqlı inkişaf və dialoqu dünyada təbliğ etməkdir. BMT dinlərarası və mədəniyyətlərarası dialoqu radikalizmə qarşı təsirli bir vasitə kimi görür”.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Otaimin deyib ki, təmsil etdiyi təşkilat xalqlar arasında birliyi daha da gücləndirir.
“Biz ictimai məlumatlılıq səviyyəsinin artmasına çalışmalıyıq. Biz ekstremizmə qarşı çıxır, qarşılıqlı anlaşmanı, mədəniyyəti təşviq edirik. İslam Əməkdaşlıq Təşkilatı bundan sonra da dinlər və sivilizasiyalar arasında dialoqa dəstəyi davam etdirəcək”.
BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin sözlərinə görə, 2016-cı ildə 245 milyon insan turist qismində səfər edib.
“Dünyada hər 10 iş yerindən biri turizmi ilə bağlıdır. Qarşıdakı illərlə turizmin xüsusi çəkisi daha da artacaq. Ancaq səlahiyyətimiz varsa, həm də məsuliyyət daşımalıyıq”.
T. Rifai bildirib ki, insanlar səyahət etdikcə, zənginləşir, bir-birini daha yaxşı tanıyır.
“Bu gün tolerantlıq və anlaşma çatışmır. İnsanlar birləşməli və stereotiplərə qarşı mübarizə aparmalıdırlar”.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib ki, Azərbaycan sülh, demokratiya və inkişaf ölkəsidir.
"Dünyaya sülh lazımdır. Sülh isə fobiyalar, ədalətsizlik olduğu şəraitdə mümkün deyil. Ancaq super güclər yalnız öz maraqları üçün mübarizə apardıqları üçün buna nail ola bilmirik. Dağlıq Qarabağ münaqişəsi də bunu göstərir. Azərbaycanın ərazi bütövlüyü pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bu gün Suriyada, İraqda, Əfqanıstanda mədəni irs məhv edilir. BMT Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirə bilmir".
Əbdüləziz bin Osman əl-Tüveycri bildirib ki, bu gün dünayada zənginlər daha da zənginləşir, yoxsullar daha da yoxsullaşır.
"Mən buna qarşıyam, bu, səfeh hərəkətdir. Zəngin ölkələr bir yerdə, kasıb ölkələr bir yerdə qalıb. İSESCO bu istiqamətdə işləyir. Apardığımız fəaliyyət dialoqun inkişafına, xalqların yan-yana dinc şəraitdə yaşamasına yönəlib. Azərbaycan prezidentinin üzərinə götürdüyü məramın yerinə yetirilməsinə də töhfə verəcəyik".
Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Dragoninin fikrincə, Avropa Şurası üçün demokratik təhlükəsizlik mühüm bir məfhumdur.
“Avropa ölkələri bir neçə amilə xüsusi diqqət yetirir. Müstəqil məhkəmələrin mövcudluğu vacibdir. İkincisi, ifadə azadlığı önəmlidir. Üçüncüsü, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Eyni zamanda, inklüziv cəmiyyət önəmlidir. Birgə yaşayış günümüzdə böyük bir problemə çevrilib. Artan ksenofobiya və islamofobiyanın fonunda parçalanma yaranır. Xof və ədavət mühiti də buna şərait yaradır. Münaqişələrdən qaçan miqrant axınıda cəmiyyətlərdə parçalanmaya səbəb olur. Biz parçalanmış cəmiyyətləri necə bir araya gətirə bilərik? Reallıq odur ki, heç bir sürətli çözüm yolu yoxdur”.
Onun fikrincə, Avropa Şurasına üzv dövlətlər ayrı-seçkiliyə qarşı qanunlar qəbul etməli və qanunlar düzgün icra olunmalıdır.
“Dövlət sosial hüquqların müdafiəsini də təmin etməlidir. Qəzəb və ksenofobiya getdikcə daha geniş təzahür edir. Bir çox ailələr keyfiyyətli təhsil, səhiyyə imkanlarından, layiqli yaşayışdan məhrum olurlar. Sosial hüquqlar ailədən, ailə üzvlərindən başlayır. Yaxşı idarə olunan mədəni müxtəliflik vacibdir”.
AŞ baş katibinin müavini hesab edir ki, gənc insanların maarifləndirilməsi prioritet olmalıdır.
“Biz mədəniyyətlərarası dialoq bacarıqlarının məktəblərdə erkən siniflərdə dərsliklərə daxil edilməsinin tərəfdarıyıq. Dövlət inklüzivlik məsələsini uğurla həyata keçirməlidir. Daha inklüziv cəmiyyətlərin formalaşmasına təkan verməliyik. Bu, BMT-nin 2030-cu il üçün məqsədlərində də əksini tapıb. Mən Forumun nəticələrinə böyük ümidlər bəsləyirəm”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş katibi Joze Grazianonun təqdim edilən çıxışında isə ərzaq və qidanın qlobal təhlükəsizlikdə rolundan danışılıb.