“Forbes” jurnalının hər il açıqladığı dünyanın ən nüfuzlu 100 qadını siyahısında Almaniya kansleri Angel Merkel yenə ən yuxarı yeri tutub. 60 yaşlı Angela Merkel son 12 ildə 10 dəfə “Forbes”un siyahısına salınıb, bunların doqquzunda o, birinci yerdə göstərilib. “Forbes” jurnalı Angela Merkeli dünyanın ən nüfuzlu qadını kimi göstərməsini onun qarşılaşdığı mürəkkəb seçimlərlə izah edib.
ABŞ-ın keçmiş Dövlət katibi, birinci xanımı və senatoru Hillari Klinton siyahıda ikinci yerdədir. 67 yaşlı xanım Klinton “Forbes” jurnalı 2004-cü ildə dünyanın ən nüfuzlu qadınları siyahısını açıqlamağa başlayandan hər il burada yer alır.
“Forbes”un illik siyahısı dövlət başçıları, biznes, iqtisadiyyat, maliyyə, xeyriyyə, əyləncə və şou-biznes kimi müxtəlif sahələrdə ən yüksək nüfuza sahib qadınları müəyyən edir.
Siyahı qadınların dörd kateqoriya üzrə göstəricilərinə əsasən hazırlanır. Buraya qadınların nəzarət etdiyi maliyyə resursları, onların mediada təmsil olunması, nüfuz dairəsi və onların fəaliyyətinin göstərdiyi təsirlər daxildir.
Dünyanın ən nüfuzlu 100 qadını 300 namizəd arasından seçilir.
“Forbes” jurnalının 2015-ci ildə dünyanın ən nüfuzlu qadınları siyahısında səkkiz dövlət başçısı, 24 korporasiya rəhbəri, 18 sahibkar qadın yer alıb. Angela Merkel və Hillari Klintondan sonra üçncü yerdə dünyanın ən zəngin adamı olan Bill Geytsin xanımı, “Bill və Melinda Geyts Fondu” nun həmtəssisçisi Melinda Geyts göstərilir.
Birinci onluqda göstlərilən digər qadınlar bunlardır: ABŞ-ın Maliyyə naziri Canet Yellen (4-cü yer), General Motors avtomobil şirkətinin icraçı direktoru Meri Barra (5-ci yer), Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard (6-cı yer), Braziliya prezidenti Dilma Russef (7-ci yer), Facebook şirkətinin əməliyyatlar departamentinin rəhbəri Şeril Sandberq (8-ci yer), YouTube şirkətinin icraçı direktoru Suzan Voyçiçki (9-cu yer).
ABŞ-ın birinci xanımı Mişel Obama dünyanın ən nüfuzlu qadınları siyahısında birinci onluqda 10-cu yerdə göstərilib.
“Forbes” jurnalının siyahısında ən zəngin qadınlar kateqoryasında media maqnatı kimi Opra Vinfri göstərilib (12-ci yer).
Musiqi və əyləncə biznesində Beyonsi (21-ci yer) və Şakira (81-ci yer)kimi artıq bir neçə ildir siyahıda adları göstərilən musiqiçilərlə yanaşı, bu il ilk dəfə kantri musiqisi ifaçısı Teylor Sviftin (64-cü yer) də adı salınıb.
Moda sahəsində ən nüfuzlu qadınlar arasında isə “Vogue” jurnalının redaktoru Anna Vintur (28-ci yer), eləcə də tanınmış moda dizaynerləri Tori Börç (73-cü yer), Dayan von Furstenberq (75-ci yer) və Miuççia Prada (79-cu yer) göstəriliblər.
Qadın monarxlar arasında “Forbes” jurnalının siyahısında Britaniya kraliçaslı İkinci Yelizaveta göstərilib (41-ci yer).
Siyahıda göstərilən qadınların yarıdan çoxu Amerika Birləşmiş Ştatlarını təmsil edir. Siyahı coğrafi baxımdan Çin, Hindistan, Asiya-Sakit okeanı hövzəsi, Latın Amerikası, Avropa, Yaxın Şərq və Afrika ölkələrini əhatə edir.
Türkiyənin tanınmış qadın iş adamı Gülər Sabançı yenidən “Forbes” jurnalının dünyanın ən nüfuzlu qadınlar siyahısında göstərilib (70-ci yer). Türkiyədə Sənayeçilər və İş Adamları Assosiasiyanın ilk qadın üzvü olan Gülər Sabançı xeyriyyə sahəsində fəaliyyətlərinə görə Deyvid Rokfeller Liderlik Körpüsü mükafatına layiq görülüb.