ABŞ-ın cənub-şərqindəki Florida ştatı güclü yağışlar, şiddətli küləklər və həyat üçün təhlükəli olan fırtına dalğası xəbərdarlığı fonunda çərşənbə günü güclənmiş Milton qasırğasına hazırlaşır.
Sinoptiklər tufanın mərkəzinin quruya Florida ştatının qərb-mərkəz sahilləri boyunca ya çərşənbə günü gecə, ya da cümə axşamı səhər çatacağının gözlənildiyini deyir. Bu bölgəyə 1921-ci ildən bəri qasırğanın birbaşa zərər vurmadığı 3,3 milyon əhalisi olan Tampa şəhəri də daxildir.
"Milton Floridanın qərb-mərkəzi üçün qeydə alınmış ən dağıdıcı qasırğalardan biri olmaq potensialına malikdir," ABŞ Milli Qasırğa Mərkəzi bildirib.
Sahilə doğru hərəkət edən fırtınanın şiddətli küləkləri nəticəsində su səviyyəsinin yüksəlməsi xüsusilə narahatlıq doğurur. Qasırğa Mərkəzinin dediyinə görə, fırtınanın mərkəzi quruya çatdığı ərazilərdə dalğaların səviyyəsi 3-4,5 metrə çata bilər.
Fırtına dalğası xəbərdarlığı çərşənbə günü Florida yarımadasının demək olar ki, bütün qərb sahillərində 500 kilometrlik ərazini əhatə edib.
Bazar ertəsi və çərşənbə axşamı insanlar bölgədən məcburi və könüllü evakuasiya əmrlərini yerinə yetirdiyi üçün yollarda tıxac əmələ gəlib. Qalmaq qərarına gələnlər isə qasırğadan qorunmaq üçün son hazırlıqlarını görüb.
Milton qasırğasının maksimum davamlı küləkləri çərşənbə axşamı saatda təxminən 260 kilometr olub və onu 5 səviyyəli Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriyalı tufana çevirib. Bu gücdəki tufanların evlərə geniş dağıntı və ziyan vuracağı, elektrik enerjisinin uzun müddət kəsilməsinə səbəb olacağı gözlənilir.
Milli Qasırğa Mərkəzi Floridanın mərkəzi və şimalındakı ərazilərə 15-30 santimetr yağış yağacağının, bəzi yerlərdə isə yağıntının daha çox olacağını bildirib. Tufanın Floridadan keçdikdən sonra, cümə axşamı Atlantik okeanına daxil olduğu zaman da gücünü saxlayacağı gözlənilir.
ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Ağ Evdən Florida sakinlərinə "İndi, indi, indi evakuasiya olun" deyib.
Ağ Evdən verilən məlumata görə, prezident Miltona hazırlıq və cavab tədbirlərinə nəzarət etmək üçün bu həftə Almaniya və Anqolaya səfərlərini ləğv edib.
Florida ştatının qubernatoru Ron Desantis çərşənbə axşamı Miltonun dağıdıcı olacağını deyib. O, Florida sakinlərini sinoptiklərin hesabatlarına diqqət yetirməyə və yerli evakuasiya əmrlərinə əməl etməyə çağırıb.
Qubernator Floridanın Miltonun fəsadlarını aradan qaldırmaq üçün Milli Qvardiyanın 8 min üzvünü aktivləşdirməyə hazır olduğunu bəyan edib.
Qubernatorun sözlərinə görə, təcili ehtiyacı olan insanlar üçün Floridada 10,000 nəfəri saxlaya biləcək onlarla sığınacaq hazırdır.
Forum