İyulun 22-si Azərbaycanda Milli Mətbuat günüdür. 136 il öncə ölkənin ilk çap mediası olan “Əkinçi” qəzeti işıq üzü görüb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amamşov Amerikanın Səsi radiosuna müsahibəsində medianın hazırki durumu, problemləri və “Diffamasiya haqqında” qanun layihəsinin parlamentə təqdim edildiyindən danışıb.
Sual: Sabah Azərbaycan Milli Mətbuatının 136 ili tamam olur. Bayramı necə qarşılayırsınız?
Cavab: Ayrı-ayrı jurnalist təşkilatları öz tədbirlərini keçirəcək. Mətbuatın keçdiyi yola nəzər salınacaq, problemlər müəyyənləşdiriləcək, onun həlli yolları araşdırılacaq. Azərbaycan mətbuatının müsbət irəliləyişləri də olub, problemlərlə də qarşılaşıb. Bu gün mediaya kənardan baxsaq, görərik ki, ölkədə istənilən şəxs fikrini özünə yaxın olan mətbuat vasitəsi ilə ictimaiyyətə çatdıra bilir, istənilən şəxs mətbuat təsis edə bilir. Hazırda Azərbaycanda baş verən bütün olaylar media vasitəsi ilə ictimaiyyətə çatdırıla bilir. Biz, mətbuat azadlığından danışarkən, məhz bu amili nəzərə almalıyıq.
Mətbuat problemsiz də deyil. Əsas problem mətbuatın iqtisadi baxımdan hələ zəif olması və reklam bazarının azlığıdır. Bu problemlər mətbuatın bu və ya digər mənada müstəqil fəaliyyət göstərməsinə mane olur.
Azərbaycanda həm də kifayət qədər güclü Kütləvi İnformasiya Vasitələri və dünyanın istənilən inkişaf etmiş ölkəsinin media qurumunda işləmək bacarığı olan çoxsaylı jurnalistlər var.
Sual: İl ərzində davamlı olaraq beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları Azərbaycanda söz və mətbuat azadlığının boğulması ilə bağlı hesabatlar dərc edib. Rəsmi hakimiyyət isə ölkədə söz və mətbuat azadlığı üçün çox geniş imkanlar yaradıldığını bildirir. Siz necə hesab edirsiniz?
Cavab: Bu yaxınlarda Freedom House təşkilatı dünya ölkələrinin söz və mətbuat azadlığı ilə bağlı reytinq cədvəlini açıqlamışdı. Orada Azərbaycan 170-ci yerləri bölüşürdü. Mən də bu reytinq cədvəlini neqativ qiymətləndirirəm. Bəli, Azərbaycanda problem var. Amma, bu problem nə Cənubi Amerika, nə Afrika ölkələri, nə də müharibə vəziyyətində olan Əfqanıstandakı qədər ciddi deyil. Azərbaycanda söz və mətbuata azadlığının durumu Amerika və Avropanın inkişaf etmiş ölkələrindəki qədər də deyil.
Sual: Jurnalistlərə qarşı fiziki təzyiqlər neçə il idi dayandırılmışdı. Amma bu il yenə qeydə alındı. Xüsusilə, müxalifətyönümlü qəzetlərin jurnalistləri fiziki təzyiqə məruz qalıb. Eyni zamanda, Elmar Hüseynovun qətlinin sifarişçiləri müəyyən edilməyib, qatilləri həbs edilməyib. Bütün bunların səbəbi nədir?
Cavab: Söhbət yəqin ki, “Azadlıq” qəzetinin jurnalistlərinə təzyiqlərdən gedir. Mətbuat Şurası da bu məsələdə israrlı oldu. Mən, daxili İşlər naziri ilə və qəzetin həmin əməkdaşları ilə görüşdüm. Nə qədər ki, istintaq işləri başa çatmayıb, təzyiqlərin kimlər tərəfindən edildiyini demək tezdir.
Məndə belə əminlik var ki, Elmar Hüseynovun qətlinin üstü də açılacaq. Yəqin ki, bu müəyyən vaxt keçdikdən sonra baş verəcək. Çünki, belə qəsdlərin üstü kifayət qədər gec açılır. İstər Ukraynada jurnalist Qonqadzenin, istərsə də Gürcüstanda Sanayanın qətli imkan verir ki, səbəbləri daha geniş mənada araşdırasan. Çünki, bu ölkələrdə jurnalistlər seçki öncəsi qətlə yetirilib və bu hadisələri törədənlərin daha geniş dairədə, müxtəlif yerlərdən olduğu üzə çıxa bilər. Mənə elə gəlir ki, bu səbəblərdən bu üç qətl açılmamış qalır. Bəlkə də bu üç hadisənin arasında müəyyən bağlılıq da var. Bunları da mən, deyə bilmərəm. Ancaq, Mətbuat Şurası da israrlıdır ki, qətlin üstü tam açılsın, hadisəni törədənlər cəzasını alsın.
Sual: Azərbaycanda çoxsaylı jurnalistlər diffamasiya ittihamı ilə məhkum edilib. Elə media orqanları var ki, bir neçə yüz min manat cərimələnib. Bu sahədə vəziyyət necədir?
Cavab: Son zamanlar KİV-lərlə bağlı cərimələr kifayət qədər azalıb. Ötən il 30 min manat cərimə sanksiyası olub, onun da 20 min manatı bir qəzetlə bağlı idi. Məqsədimiz odur ki, “Diffamasiya haqqında” qanun tezliklə qəbul edilsin. Qanun layihəsi Mətbuat Şurası tərəfindən hazırlanıb. ATƏT və digər Avropa institutları qanuna müsbət rəy verib. Mətbuat Şurası bir neçə gün öncə sənədi Milli Məclisə təqdim edib. Milli Məclisin payız sessiyasında qanun layihəsinin müzakirə ediləcəyi gözlənilir.