Accessibility links

Filip Riker: İlham Əliyevlə görüşdə sərhədlərin demarkasiyası, enerji və təhlükəsizlik məsələləri müzakirə olunub


Bu gün, iyunun 8-də Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı ABŞ-ın prioritet hesab etdiyi mövzular üzrə danışıqlar aparılıb: energetika və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik.

Bu barədə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ Azərbaycanı strateji tərəfdaşı hesab edir.

O, Azərbaycandan Avropaya qazın çatdırılmasını və bu qitənin enerji təhlükəsizliyini təmin edən TAP (Trans-Adriatik Qaz Kəməri) qaz dəhlizinin tikintisinin başa çatdırıldığını qeyd edib.

Regionda vəziyyətə toxunan Riker Vaşinqtonun Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən, gərginliyin artmasından və erməni hərbçilərin əsir düşməsindən narahatlığını ifadə edib.

Filip Riker minaya düşən azərbaycanlı jurnalistlərin də həlak olmasını kədərli hadisə adlandırıb.

“Ermənistanla Azərbaycan arasında münaqişədə çox həyat itirilib və yeni eskalasiyanın mümkünlüyü çox narahatlıq yaradır. Odur ki, hər iki tərəfi sərhədlərin demarkasiyası məsələlərini sülh yolu ilə həll etməyə və qoşunları sərhəddən çıxarmağa çağırırıq," Riker qeyd edib.

Riker deyib ki, ABŞ hər iki tərəfi münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında mümkün qədər tez obyektiv danışıqlara başlamağa çağırır. O əlavə edib ki, ATƏT nəinki münaqişənin özünün, həm də onun humanitar məsələlər də daxil olmaqla, nəticələrinin həllinə kömək etməyə hazır olan təşkilatdır.

Daha sonra Filip Riker insan hüquqları və əsas azadlıqlar, o cümlədən vətəndaş cəmiyyəti və müstəqil media məsələlərinin vacibliyini yada salıb. İlham Əliyevlə görüş zamanı bunlar da müzakirə edilib.

“ABŞ Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Filip Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Bu, həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır.

"Biz hər iki tərəfi qoşunlarını çıxarmağa və demarkasiya prosesinə başlamağa çağırırıq,” o qeyd edib.

"Minsk Qrupu mövcuddur, ya yox? Prezident Əliyev deyib ki, münaqişə həll olunub və Minsk Qrupu işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edə bilər. Hazırda regionda məsələləri Rusiya, Türkiyə və Azərbaycan həll edirlər. ABŞ-ın oyundan kənar qalması fikri ilə razısınızmı?" Turan agentliyinin bu sualının cavabında Riker deyib ki, dövlət katibi Blinken və prezident Bayden çox aydın şəkildə bildiriblər ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münaqişənin həllinin axtarışında iştirak etmək niyyətindədir.

O deyib ki, ABŞ həmçinin bu səyləri Minsk Qrupunun digər üzvləri - Rusiya və Fransa ilə birlikdə davam etdirmək niyyətindədir.

"ABŞ regionda Türkiyənin rolunun güclənməsinə necə yanaşır?" sualınının cavabında Riker deyib ki, Türkiyə ABŞ-ın müttəfiqidir və iki ölkənin əməkdaşlıq məsələləri Bayden və Ərdoğanın qarşıdakı görüşündə diqqət mərkəzində olacaq.

"Bizim aramızda fikir ayrılığı var, ancaq biz onları diplomatik yollarla həll edirik,"o əlavə edib.

Səfər zamanı Rikeri müşayiət edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endrü Şofer "ABŞ-ın Qarabağda sülhyaratma məsələsində Rusiyanın inhisarına necə baxır?" sualının cavabında deyib ki, barışıq haqda üçtərəfli bəyanat rusiyalı sülhməramlıları dəvət edən tərəflər arasında imzalanıb.

“Biz atəşkəsi alqışlayırıq və tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bu sənəd sülhməramlıların beşillik mövcudluğunu nəzərdə tutur. Hər iki tərəfin bu vaxtdan istifadə etməsi və davamlı sülhün bərqərar olması çox vacibdir," Şofer deyib. O əlavə edib ki, bu prosesə digər iştirakçılar və qüvvələr də cəlb oluna bilər, ancaq "bu barədə beş ildən sonra danışmaq lazımdır".

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yeni yardım elan edib
please wait

No media source currently available

0:00 0:11:58 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan təyyarəsinin qəzası. Türkiyənin Suriyanın gələcəyində rolu.
please wait

No media source currently available

0:00 0:30:26 0:00
XS
SM
MD
LG