Accessibility links

Təbrizdə siyasi məhbus Əlirza Fərşinin azadlığı tələb edilib


İran Azərbaycanında milli fəallar tərəfindən türk dil haqları fəalı olan siyasi məhbus Əlirza Fərşinin azadlığa buraxılmasını tələb edən etiraz plakatları asılıb.

Təbrizin müxtəlif yerlərində yerləşdirilən plakatların fotoları sosial media üzərindən yayılıb.

Güneyli fəallar hazırda Böyük Tehran həbsxanasında saxlanılan Fərşinin dərhal qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Təbriz küçələrində yerləşdirilən plakatlar üzərində "insan azadlığına məhkumdur", "ver əlini əlimə uçmağında qovulmuş həsrətində yanıram, 43 ildir uzaqda qara yerdə yanıram” və ingilis dilində isə "Free Alireza Farshi" yazılıb.

Son günlər ərzində Böyük Tehran həbsxanasında zorakı cinayətlərdən məhkum olunan məhbuslar ilə bir yerdə saxlanılan siyasi məhbuslar arasında baş verən hadisə milli fəallar arasında Əlirza Fərşinin sağlamlıq durumu ilə bağlı narahatlıq doğurub.

Oktyabrın 8-də Böyük Tehran həbsxanasının 2-ci bölməsində saxlanılan bir sıra siyasi məhbus zorakı cinayətlərdən məhkum olan məhbuslar tərəfindən döyülmüşdü. Bu hadisə nəticəsində bir çox siyasi məhbus yaralanıb və bəziləri müalicə üçün həbsxananın sağlamlıq mərkəzinə yerləşdirilmişdi.

Baş verən hadisədən sonra Əlirza Fərşi Böyük Tehran həbsxananın Hüseyniyə bölməsinə, daha sonra isə 13 digər siyasi məhbus ilə bərabər həbsxananın 1-ci bölməsinə köçürülüb.

Əlirza Fərşi 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyinə görə ona qarşı çıxarılan 2 illik həbs cəzasını çəkməkdədir.

Fərşi keçən ilin yanvar ayında həbsdə ikən yeni qaldırılan iddia əsasında "milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" ittihamı ilə 3 il 6 ay və "sistemə qarşı təbliğat aparmaq" aparmaq ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.

Məhkəmə həbs cəzasına əlavə olaraq Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.

Əlirza Fərşi indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən müxtəlif cəzalara məhkum edilib. Amnesty Inernational təşkilatı İran rəsmilərindən fəalın dərhal sərbəst buraxılmasını tələb edib.

XS
SM
MD
LG