Accessibility links

Ferquson şəhərinin polis rəisi xalqdan üzr istəyib


Missuri ştatının Ferquson şəhərinin polis rəisi keçən ay ağdərili polis tərəfindən öldürülən Maykl Braunun ailəsindən üzr istəyən video yayımlayıb.

Bu üzrxahlıqdan sonra polislə nümyişçilər arasında daha bir qarşıdurma qeydə alınıb.

Tomas Cakson videoda bildirib: “Uşağını itirməyən heç kim sizin nə hiss etdiyinizi başa düşə bilməz. Mən uşağınızı itirdiyiniz üçün çox üzgünəm.”

Braunun ölümü həftələrlə davam edən nümayişlərinə səbəb olub. Nümayişlər polislərlə qarşıdurma ilə nəticələnib. Etirazçılar hüquq-mühafizə orqanlarını irqçilikdə ittiham edib.

Polis rəisi Cakson cümə axşamı nümayişçilərlə polis arasındakı qarşıdurmadan əvvəl nümayişdə iştirak edib. Hadisə zamanı bir neçə nəfər saxlanıb.

Videoda Cakson nümayişçilərdən üzr istəyib.

Şəhərin bəzi sakinləri və vətəndaş hüquqları müdafiəçiləri deyib ki, polis nümayişçilərə qarşı həddindən artıq güc işlədib.

Məhkəmə Braunun ölümündə təqsirli bilinən polis zabiti Darren Vilsonun günahkar olub-olmadığını araşdırır.

ABŞ Ədliyyə Nazirliyi hadisə ilə bağlı araşdırmaya vətəndaş hüquqları müdafiəçilərini cəlb edib. Onlar həmçinin Ferquson şəhər polis idarəsində də təhqiqat aparacaq.

XS
SM
MD
LG