ABŞ-ın mərkəzi ştatı olan Missuridə küçə mübahisəsindən sonra azyaşlı qaradərilini güllə ilə vurub öldürərək ölkə boyu etirazlara səbəb olan ağ polis zabiti istefa verib.
Zabit Darren Vilsonun vəkili deyib ki, onun Ferquson Polis Departamentin dən istefası dərhal icra olunub. Bu ilin avqust ayında 18 yaşlı Maykl Braunu öldürdükdən sonra o, administrativ məzuniyyətə göndərilmişdi.
İstefa məktubunu The St. Louis Post-Dispatch qəzeti dərc edib. Vilson yazıb ki, o, polis yoldaşlarını və Ferquson sakinlərini təhlükə qarşısında qoymamaq üçün istefa verir. Məktubda habelə o, bu istefa ilə etiraz edən icmanın bir qədər sakitləşəcəyinə ümid etdiyini bildirir.
İstefaya etirazlar bu gün də davam edib.
Şənbə günü müxtəlif irqlərə mənsub insanların millis assosiyasının yeddi gün sürəcək yürüşləri başlayıb.
“Ədalət yürüşü” adlandırılan aksiya18 yaşlı Maykl Braunun avqust ayında Ferquson şəhərinin ətrafında qətlə yetirildiyi Sent Luisdən Missuri ştatının paytaxtı Cefferson şəhərinə qədər 190 kilometr məsafə boyu davam edəcək.
Təşkilatçılar aksiyanın Ferquson polis idarəsinə yeni rəhbərliyin təyin edilməsi və ölkə boyu polis sistemində islahatların keçirilməsinə çağırış məqsədilə keçirildiyini bildiriblər.
Münsiflər məhkəməsinin qərarına etiraz olaraq ABŞ-ın bir sıra şəhərlərində böyük nümayişlər keçirilib.
Şənbə günü paytaxt Vaşinqtonda Ferqosunda baş vermiş hadisə ilə əlaqədar qərardan narazı yüzlərlə insan şəhərin tarixi Corctaun hissəsində nümayiş keçirib.