Federal Təhqiqat Bürosu (FBI-The Federal Bureau of Investigation) bazar ertəsi açıqladığı yenilənmiş hesabatında ABŞ-da nifrət zəminində cinayətlərin sayının 2021-ci ildə son 20 ildə ən yüksək səviyyəyə çatdığını bildirib.
FBI ilkin olaraq 2021-ci il üçün nifrət zəminində 7262 cinayət hadisəsinin göstərildiyi illik hesabatını dekabr ayında açıqlayıb.
Lakin hesabata Nyu York, Çikaqo və Kaliforniyadakı polis idarələri də daxil olmaqla, 4000-ə yaxın hüquq-mühafizə orqanlarının məlumatları daxil edilməyib.
FBI o vaxtdan bəri ABŞ-da nifrət zəminində cinayətlərlər bağlı daha dolğun mənzərə əldə etmək üçün bütün ölkə boyu polis idarələrindən kifayət qədər əlavə məlumat aldığını bildirib.
FBI açıqladığı bəyanatda bildirib ki, yenilənmiş hesabatında keçən il nifrət zəminində cinayətlərin sayının 11,6% artaraq 8120-dən 9065-ə yüksəldiyi göstərilir.
Kaliforniyanın San Bernardino Dövlət Universitetinin “Nifrət və Ekstremizm Tədqiqatları Mərkəzi”nin direktoru Brayan Levinin sözlərinə görə, 9065 rəqəmi Federal Təhqiqat Bürosunun 1990-cı ildən nifrət zəminində cinayətlərlə bağlı məlumatları dərc etməyə başlamasından bəri son 20 ilin ən yüksək göstəricisi olub.
Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də nifrət cinayətlərinin ən böyük hədəfi qaradərililər olub. İkinci yerdə ağdərililər, ondan sonra isə homoseksuallar, yəhudilər və Asiya əleyhdarları gəlir.
FBI nifrət zəminində cinayətləri “tamamən və ya qismən irqə, dinə, əlilliyə, cinsi oriyentasiyaya, etnik mənsubiyyətə, cinsiyyətə və ya cinsi kimliyə qarşı qərəzli münasibətdən qaynaqlanan cinayətlər” kimi müəyyən edir.