Accessibility links

Fauçi: Baydenin '100 Gündə 100 Milyon Peyvənd' planının yerinə yetirilməsi mümkündür


ABŞ-ın yoluxucu xəstəlik üzrə yüksək səviyyəli eksperti bazar günü deyib ki, yeni seçilmiş prezident Co Baydenin prezidentliyinin ilk 100 günündə 100 milyon insana COVID peyvəndi vurulması ilə bağlı iddialı planı “həyata keçirilməsi tamamilə mümkün bir plandır”.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi NBC televiziya kanalına müsahibədə hazırda mövcud və yaxın zamanda bazara çıxarılması planlaşdırılan əlavə peyvəndlərlə birlikdə, maskalar taxmaq və sosial məsafənin qorunmasına riayət etməklə ABŞ-ın yaxın zamanda “yaxşı vəziyyətdə” ola biləcəyinə inandığını deyib.

Hazırda ABŞ-da vəziyyət “yaxşı” olmaqdan çox uzaqdır. Ölkədə COVID-19-a təxminən 24 milyon yoluxma halı qeydə alınıb ki, bu da digər ölkələrdən daha çox yoluxma deməkdir.

ABŞ-da peyvənd kampaniyası problemli oldu, belə ki, keçən ilin sonuna qədər peyvənd Tramp administrasiyasının proqnozlaşdırdığından daha az insana vuruldu.

Bu arada Kaliforniya ştatının Los-Anceles dairəsi ABŞ-da COVID-19-a 1 milyon yoluxma halının qeydə alındığı ilk bölgə olub. Çox sayda yoluxmalar bölgədə virusun iki mutasiyasının - Britaniya və Danimarka variantlarının aşkar edilməsi fonunda baş verir.

Virusun Britaniya variantı olduqca yoluxucudur. Los-Anceles dairəsinin İctimai Səhiyyə şöbəsinin direktoru, doktor Barbara Ferrer Britaniya variantının Los-Ancelesdə əmələ mövcudluğunun narahatlıq doğurduğunu deyib.

Tədqiqatçılar Danimarka variantının Britaniya variantı qədər yoluxucu olub-olmadığından əmin deyillər. “Bu variantın yüksək dərəcədə yoluxucu ola biləcəyinə dair həyəcan doğuran əlamətlər var“ - deyə, Danimarka ştammının ardıcıllığının müəyyən edilməsi ilə məşğul olan mütəxəssis Çarls Çiu bazar günü bildirib.

XS
SM
MD
LG