Accessibility links

Facebook koronavirus haqda dezinformasiyaya görə yeddi milyon paylaşımı silib


Facebook çərşənbə axşamı koronavirusun müalicəsi üçün paylaşılan saxta profilaktik tədbirləri və şişirdilmiş müalicəni təbliğ edən məzmun da daxil olmaqla, bu ilin ikinci rübündə yeni koronavirus haqqında yalan məlumat olan 7 milyon paylaşımı sildiyini bildirib.

Facebook məlumatları altıncı İctimai Standartların Təminatı Hesabatı çərçivəsində təqdim edib. 2018-ci ildən sözügedən qurum platformasındakı kontenti daha sərt qaydalarla izləməyə başlayıb.

Şirkət 2021-ci ildən başlayaraq hesabatda istifadə olunan ölçüləri müstəqil təftiş etmək üçün xarici mütəxəssisləri dəvət edəcəyini bildirib.

Dünyanın ən böyük sosial media şirkəti ikinci rübdə nifrət məzmunlu şərh olan 22,5 milyon paylaşım silib. Müqayisə üçün, birinci rübdə bu göstərici 9,6 milyon olub. Həmçinin ekstremist təşkilatlarla əlaqəli 8.7 milyon yazı silinib. Əvvəlki dövrdə isə bu rəqəm 6,3 milyon olub.

Facebook COVID-19 pandemiyası səbəbindən şirkətin ofislərində şərhə nəzarət edənlərin sayının az olması səbəbi ilə aprel, may və iyun aylarında məzmunu araşdırmaq üçün avtomatlaşdırma texnologiyasına daha çox güvəndiyini bildirib.

Facebook şirkəti bunun nəticəsində intihar və özünə xəsarət, çılpaq uşaqlar və cinsi istismar məzmunlu daha az materialla bağlı tədbir görüldüyünü bildirib.

Şirkət nifrət məzmunlu şərh siyasətini genişləndirərək, buraya "dünyanı idarə edən yəhudi xalqı" haqqında stereotiplər və ya "blekfeys görüntüləri"ni daxil edəcəyini bildirib.

XS
SM
MD
LG