Accessibility links

Vaşinqtonda yeni sərgi: “Bölünmüş, parçalanmış rənglər:Odlar yurdundan abstrakt mənzərələr”


Vaşinqtonda yeni sərgi: “Bölünmüş, parçalanmış rənglər:Odlar yurdundan abstrakt mənzərələr”
Vaşinqtonda yeni sərgi: “Bölünmüş, parçalanmış rənglər:Odlar yurdundan abstrakt mənzərələr”

Kompyuter qrafikası dizayneri, rəssam Əbülfəz Bahaduri rəsmlərində Təbriz və Şuşanı tərənnüm edir

Vaşinqtonda soydaşımız Əbülfəz Bahadurinin “Bölünmüş, parçalanmış rənglər:Odlar yurdundan abstrakt mənzərələr” adlı rəsm sərgisi açılıb.

Kompyuter qrafikası dizayneri Əbülfəz Bahaduri artıq bir neçə ildir rəsm əsərləri yaradır. O anadan olduğu Təbrizin xalçaçılıq sənətinin vurğunudur. Rəsm əsərlərində Azərbaycan xalq ədəbiyyatı və rənggarlıq sənətinin motivləri bariz görünür. Əbülfəz Bahadurinin rəsmlərində Qarabağ, Şuşa mövzusu da geniş yer tutur.

Rəssam uşaqlıq illərində Təbrizin Göy məscidinin rənglərinə valeh olduğunu deyir. "Bu gün mən firuzə rəngini akril boyalarla bərpa etməyə çalışıram. Mən orta əsrlərdə rənggarların fırçasının qüdrətinə pərəstiş edirəm, çünki bu gün müasir texniki üsullarla belə o boyaları əldə etmək çox çətindir. Onlar isə əsrarəngiz sənət əsərləri yarada bilmişdilər,"-deyə Əbülfəz Bahaduri Amerikanın səsinə bildirib.

Rəssam Qarabağ mövzusunun ona çox yaxın olduğunu deyir. Əslən təbrizli olan Əbülfəz Bahadurinin ailə üzvləri bir zamanlar Qarabağdan İrana köçüblər. "Buna görə də bu mövzu mənə olduqca yaxındır. Xüsusilə də mən Xarı Bülbül dastanını sevirəm. Bilirsiniz ki, o gül yalnız Qarabağda bitir, buna görə də sərgi üçün akril boyalarla bir Xarı Bülbül əsəri də yaratmaq qərarına gəldim,"-deyə Əbülfəz Bahaduri bildirir.

Bu, Əbülfəz Bahadurinin Vaşinqtonda ilk rəsm sərgisidir. Bundan öncə onun işləri yaşadığı Virciniya ştatının qalereyalarında nümayiş etdirilib.

Vaşinqtondakı sərgi ABŞ-ın Qarabağ Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG