Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi dövrdə hər yerdə internet şəbəkəsinə çıxış təmin ediləcək. Trend Agentliyinin məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
"Bakıda "Eurovision 2012" mahnı müsabiqəsi zamanı Wi-Fi texnologiyaları ilə hər yerdə internet şəbəkəsinə çıxış təmin ediləcək. Çıxış nöqtələri paytaxtdakı ictimai yerlərdə təşkil olunacaq", - nazir deyib.
Onun sözlərinə görə, xidmətlərin etibarlılığı və keyfiyyəti də təmin olunacaq.
"Eləcə də hazırda internet şəbəkəsinə çıxışın sürətinin artırılması üçün lazımi tədbirlər görülür. Belə ki, müsabiqənin keçirildiyi dövrdə yayım təkcə televiziya ilə deyil, həm də internet vasitəsilə aparılacaq", - deyə cənab Abbasov əlavə edib.