Son tədqiqatlara görə, Avropadakı iqtisadi böhran intiharların artmasına səbəb olub. Lancet jurnalında bu yaxınlarda dərc olunan araşdırmada deyilir ki, 2009-cu ildə Yunanıstanda intiharların sayı 2007-ci ilə nisbətən 15 faiz artıb və hazırda Yunanıstan Avropada intihar hallarının ən çox olduğu ölkədir.
Jurnalist Pavlos Tsimas Yunanıstanda yaşayır və bu haqda sənədli film çəkib. O, “Amerikanın səsi”nə bunları deyib:
“Biz Krit adasından olan bir kiçik biznes sahibinin əhvalatını araşdırmışdıq. Adam maşını benzinlə doldurub, əvvəlcə özünü güllələyib, sonra da maşına od vurub. Tikəsini də tapmaq mümkün olmadı. Yanıb külə dönmüşdü.”
Yunanıstan hazırda büdcə kəsiri ilə mübarizə aparır. Bir ildir ki, hökumət bir ucdan xərcləri azaldır və vergiləri artırır.
Çoxları deyir ki, hökumətin bu siyasəti ölkə iqtisadiyyatını xilas etmək üçün yeganə yoldur. Amma belə siyasət yunanların həyatını darmadağın edib. Hər altı yunandan biri işsizdir.
Jurnalist Pavlos Tsima deyir ki, özünə qıyanlar bunu çox qəddar üsullarla edirlər. Sanki onlar necə acı həyat sürdükləri və necə bədbəxt olduqlarını bütün dünyaya duyurmaq istəyirlər.
Yunanıstanda intihar edənlər əsasən kişilərdir. Xüsusilə də Krit adasında. Araşdırmaçı jurnalist Pavlos Tsima deyir ki, bu adada vəziyyət bir qədər mürəkkəbdir. İntiharların səbəbi təkcə iqtisadi vəziyyət deyil, həm də şərəf və özünə hörmət məsələsidir. Belə ki, bu adada ailə dəyərləri daha ənənəvi və patriarxal əsaslarda qurulub. Kişilər pulsuz qalıb, nüfuzdan düşmək istəmirlər.
İntiharlar ümumiyyətlə bütün Avropanı bürüyüb. Doqquz Avropa ölkəsində intihar 5 faiz artıb. İqtisadi böhran yaşayan başqa bir ölkədə- İrlandiyada intiharların sayı 13 faiz artıb.
Britaniyanın Kembric Universitetinin sosioloqu David Stuckler indiki vəziyyəti “ruhi sağlamlıq böhranı” adlandırıb. Amma şad xəbər də var. Stuckler deyir ki, Finlandiya və İsveç kimi ölkələrdə hökumət adamları işə bərpa edib və intihar hadisələrinin sayı artmayıb.
Sosioloq deyir ki, işini itirmiş adamlara sadəcə pul vermək məsələnin həlli deyil: “Əksinə, adamlara səhər tezdən yataqdan qalxmaq üçün yaxşı səbəb vermək lazımdır, onlara ümid vermək lazımdır ki, yaxşı iş tapa biləcəklər. Bu, onların problemlərinə daha çox yardım edər”.
David Stuckler həmçinin bildirir ki, bütün Avropa hökumətləri indiki vəziyyətdən nəticə çıxarmalıdır.