Accessibility links

Avropa İttifaqı Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib


Avropa İttifaqı Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə ona qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib. Avropa Komissiyasının bildirdiyinə görə, bu paket digər əlavələrlə yanaşı, neft qiymətlərinin yuxarı həddini də əhatə edir.

Avropa Komissiyasının bəyanatında "Beynəlxalq tərəfdaşlarımızla yaxından əlaqələndirilmiş bu [sanksiyalar] paketi Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi, eləcə də uydurma "referendum" əsasında Ukrayna ərazilərinin qanunsuz ilhaqına, əlavə qoşunların səfərbər edilməsinə və açıq nüvə təhdidlərinə cavabdır" deyilib.

Xüsusilə Avropa İttifaqı şirkətlərə rusların kriptopul kisələrinə xidmət göstərməyi, Avropa vətəndaşlarına isə Rusiya dövlət şirkətlərində rəhbər vəzifə tutmağı qadağan edib.

Paket neft qiymətlərinə məhdudiyyətlərin qoyulması üçün zəmin yaradır. Avropa İttifaqının yenilənmiş sanksiya siyahılarına işğal olunmuş Ukrayna ərazilərində psevdoreferendumun təşkilatçıları, yüksək rütbəli hərbçilər, iş adamları və "Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan" təbliğatçılar da daxil edilib.

Yeni sanksiyalar paketi, həmçinin Avropa İttifaqı poladdan, plastikdən, kimyəvi maddələrdən, eləcə də nəqliyyat vasitələrindən ibarət hazır məhsul və yarı-fabrikatları əhatə edən 7 milyard avro məbləğində malların idxalını qadağan edir. Avropa İttifaqı Rusiyadan silah və onun hissələrinin idxalını da qadağan edib.

İxrac məhdudiyyətləri kokslaşan kömür də daxil olmaqla, ümumiyyətlə daş kömürünə, bəzi elektron komponentlərə, aviasiya sənayesində istifadə olunan texniki məhsullara təsir edəcək.

Coğrafi baxımdan sanksiyalar təkcə Rusiya ərazisini deyil, həm də işğal altında olan Donetsk, Luhansk, Xerson və Zaporijye vilayətlərini də əhatə edəcək.

Sentyabrın 30-da ABŞ Rusiya prezidenti Vladimir Putinin Ukraynanın dörd bölgəsinin qeyri-qanuni ilhaqını rəsmən elan etməsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiyalar Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlər bir sıra Rusiya dövlət məmurlarına və siyasətçilərinə, onların ailələrinə, Rusiya və Belarusun yüksək rütbəli hərbçilərinə və müdafiə təchizatı şəbəkələrinə, o cümlədən Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən beynəlxalq təchizatçılara təsir edib.

XS
SM
MD
LG