Accessibility links

Cosef Borrell Rusiyanın xaricdəki ehtiyatlarının müsadirə edilərək Ukraynanın bərpası üçün istifadə edilməli olduğunu deyib


Avropa Birliyinin xarici siyasət üzrə komissarı Cosef Borrell
Avropa Birliyinin xarici siyasət üzrə komissarı Cosef Borrell

Avropa İttifaqının xarici siyasət üzrə komissarı Cosef Borrell deyib ki, blok Rusiyanın valyuta ehtiyatlarından dondurulmuş aktivlərini müsadirə etmək və onlardan Ukraynada müharibədən sonrakı quruculuq səylərini maliyyələşdirmək üçün istifadə etməyi düşünməlidir.

Borrell "Financial Times" qəzetində mayın 9-da dərc olunan müsahibəsində bildirib ki, bu addım Talibanın müharibədən zərər çəkmiş ölkədə hakimiyyətə qayıdışından sonra Vaşinqtonun Əfqanıstan Mərkəzi Bankının aktivləri ilə bağlı atdığı addımlara bənzəyəcək.

Sanksiyalardan sonra mart ayında Rusiya Mərkəzi Bankı xaricdəki ümumi qızıl-valyuta ehtiyatlarının təxminən yarısına bərabər - 300 milyard dollar aktivinin dondurduğunu bildirib.

"Avropa Komissiyası yenidənqurma işlərinin qiymətinin yüz milyardlarla avroya çata biləcəyini bildirib. Aİ ölkələrinin paytaxtları müharibədən sonra Ukraynanın bərpası xərclərinin ödənilməsinə kömək etmək üçün Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını ələ keçirməyi düşünməlidir" - deyə, "Financial Times" qəzeti Borrellə istinadən yazıb.

Borrell, həmçinin əlavə edib ki, "Pul bizim cibimizdədir və kimsə mənə izah bunu edə bilərmi ki, bu nə üçün əfqan pulu üçün yaxşıdır, rus pulu üçün yaxşı deyil".

2021-ci ilin avqustunda Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Prezident Co Baydenin administrasiyası Kabildəki Qərb tərəfindən dəstəklənən hökumətin Nyu Yorkdakı Federal Ehtiyat Bankında depozitdə saxladığı təxminən 7 milyard dollarlıq Mərkəzi Bank aktivlərini dondurub.

Fevral ayında Ağ Ev ABŞ ərazisində dondurulmuş aktivlərin yarısını humanitar yardım üçün istifadə etməyi, qalanını isə 11 sentyabr 2001-ci il hücumları ilə bağlı iddiaları təmin etmək üçün ayırmağı planlaşdırdığını xəbər verib.

Borrell belə bir addımın Rusiyanın fevralın 24-də qonşusuna qarşı başlatdığı əsassız işğala görə "müharibə təzminatları" ödəmək üçün ata biləcəyi bir sıra addımlardan biri olduğunu deyib.

O, həmçinin sual edib ki, "Bu, müzakirə olunan ən vacib siyasi suallardan biridir: Ukraynanın yenidənqurma xərclərini kim ödəyəcək?"

XS
SM
MD
LG