İctimai Palatanın Koordinasiya Şurası bugünkü aksiya və həbslər barədə bəyanatında deyilir ki, polislər və mülki geyimli şəxslər aksiyaya qatılmaq istəyən vətəndaşlara qarşı qeyri-adekvat güc tətbiq edib, xüsusilə qadınlara qarşı qəddarlıq göstərib.
“Onlarla aksiya iştirakçısı həbs edilərək naməlum istiqamətə aparılıb”.
Bəyanatda daha sonra qeyd olunur: “Fəvvarələr meydanındakı aksiyada AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, keçmiş vicdan məhbusları AXCP sədrinin müşaviri Məhəmməd Məcidli, AXCP Nizami şöbəsinin sədri Zülfüqar Eyvazlı, AXCP fəalı Babək Həsənov və digərləri həbs edilib. Aksiya zamanı həmçinin bir sıra müsavatçılar, NİDA-çılar, digər təşkilatların üzvləri və gənc fəallar da həbs edilib.
İctimai Palatanın Koordinasiya Şurası Bakıdakı diplomatik korpusa, həmçinin dünya birliyinə müraciət edərək, Əliyevlər rejiminin özbaşınalıqlarına göz yummamağa və ölkədə demokratik prosesin dəstəklənməsi üçün qəbul edilmiş bütün vasitələrdən istifadə etməyə çağırır.
Bununla kifayətlənməyən polis işçiləri və mülki geyimli şəxslər Müsavat Partiyasının qərargahına soxulub, bir neçə partiya üzvünü birbaşa qərargahın içərisində həbs edərək polis idarəsinə aparıb. Həbs edilənlər arasında Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli, başqan müavini Gülağa Aslanlı, Divan üzvü Qubad İbadoğlu, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, Müsavat Partiyası Təşkilat Departamentinin rəhbəri Söhrab Məhərrəmli, Müsavat başqanının müşavirləri Mustafa Hacılı, Hüseyn Məlik, İctimai Palatanın tanınmış üzvləri və digərləri var”.
“İctimai Palatanın Koordinasiya Şurası Azərbaycan hakimiyyətinin bu özbaşınalığını və mürtəce hərəkətlərini qətiyyətlə pisləyərək tutulanların dərhal azad olunmasını tələb edir”, sənəddə qeyd edilir.
Sənəddə daha sonra deyilir: “YAP Siyasi Şurasının üzvü, keçmiş deputat Gülər Əhmədova ilə bağlı parlament seçkilərinin saxtalaşdırıldığını, deputat mandatlarının ölkə başçısı tərəfindən paylandığını sübut edən ifşaedici video-materialın meydana çıxmasından sonra, ölkə vətəndaşları qarşısında utanc hissi keçirmək və bu məsələ ilə əlaqədar ciddi, aşkar və qanunauyğun araşdırma aparmaq, günahkarları cəzalandırmaq əvəzinə, seçki saxtakarlığına etiraz edən vətəndaşlara divan tutulması mövcud rejimin heç bir hüquqi və əxlaqi əsasının olmadığını bir daha aydın göstərir. BP şirkətindən öhdəliklərə əməl etməsini tələb edən iqtidar özü konstitusiya, ölkə vətəndaşları və beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir”.
İctimai Palatanın Koordinasiya Şurası Bakıdakı diplomatik korpusa, həmçinin dünya birliyinə müraciət edərək, Əliyevlər rejiminin özbaşınalıqlarına göz yummamağa və ölkədə demokratik prosesin dəstəklənməsi üçün qəbul edilmiş bütün vasitələrdən istifadə etməyə çağırır.
Öz növbəsində , iqtidarda olan Yeni Azərbaycan Partiyasının sədr müavini, Milli Məclisin deputatı Əli Əhmədov “Media forum” saytına deyib ki, 20 oktyabr aksiyası baş tutmayıb.
“Tamamilə mənasız aksiyadır. Bu aksiyada parlamentin buraxılması tələbi qoyulub. Əvvəla, Azərbaycanda parlamentin buraxılması mexanizmi yoxdur. Konstitusiyada belə mexanizm nəzərdə tutulmayıb. Belə olan halda parlamentin buraxılması tələbi ilə aksiya keçirmək ya hüquqi savadsızlığın göstəricisidir, ya da qanunlara hörmət qoyulmadığını sübuta yetirir.
Məsələnin siyasi tərəfinə gəlincə, heç bir zərurət, tutarlı əsas olmadan parlamentin buraxılması tələbini səsləndirmək yersiz və məntiqsiz görünür. Ona görə də Azərbaycan ictimaiyyəti bu aksiyaya dəstək vermədi.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, bu aksiya üçün seçilmiş yer bütün parametrlər üzrə yanlışdır. Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalar üçün ayırdığı məkanlar sırasında Fəvvarələr meydanının adı yoxdur”.
Əli Əhmədov 20 oktyabr aksiyasını gənclərin təşkil etdiyi barədə qeydi belə cavablandırıb.
“Bu adamları qızışdırıb ortaya salanlar var və bütün siyasi, hüquqi məsuliyyəti də həmin qüvvələr daşıyır”.
Son məlumatlara görə, aksiya zamanı saxlanan müxalifətçilərin bəziləri cərimələnərək ya da xəbərdar edilərək sərbəst buraxılıb. Bəzilərinin işi isə məhkəməyə göndərilib.
Artıq Səbayel məhkəməsində aksiyaçılardan AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmliyə 8 sutka, Suraxanı şöbəsinin sədri Vaqif Xalıqova isə 10 sutka həbs cəzası verilib.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı 8, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli 7, Müsavatçı fəal, 2 aprel məhbuslarından olmuş Rüfət Hacıbəyli 10, AXCP fəalı Bəhruz Həsənov 7 sutka həbs cəzası alıb.
Binəqədi məhkəməsində Müsavat fəalları Əhəd Məmmədli 10, Rüfət Hacıbəyli (Vaqif Hacıbəylinin oğlu) 9 sutka həbs cəzası alıb.
NİDA fəalı, Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbərə 7 sutka həbs cəzası verilib.
Aksiya zamanı saxlanılan digər “Nida” üzvləri Xətai Qafarlı və
Ümid Xəzər xəbərdarlıq edilərək sərbəst buraxılıb.
AXCP sədrinin müavini Asəf Quliyev 20 manat, AXCP fəalları Zərifə Məhtəddinova və Afina Əliyeva 7 manat, Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli, başqan müavini Gülağa Aslanlı, Divan üzvü Qubad İbadoğlu və partiya fəalı Hamlet Səfixanlı hərəsi 25 manat cərimələnib.
Müsavat Partiyasının son məlumatına görə, partiyanın Məclis sədri, başqan müavinlər, divan üzvləri də daxil olmaqla 49 nəfər fəalı xəbərdarlıq, cərimə və 10 sutkayadək ininzibati qaydada həbs cəzasına məhkum edilib.
Etiraz aksiyasında saxlananlarla bağlı polis orqanları indiki anadək rəsmi məlumat yaymayıb.