"Özlərini anarxist adlandıran 10-12 nəfər gənc iyunun 22-də Bakıda, “Azadlıq” prospektində “Dostluq” kinoteatrının yaxınlığında Etatist.com internet qəzetinin baş redaktoru Şəhriyar Məcidzadə və saytın 5 nəfər əməkdaşına bıçaqla hücum edib. Nəticədə saytın əməkdaşı Aqşin Vəliyev qolundan bıçaq yarası alıb. O xəstəxsanada tibbi yardım göstəriildikdən sonra evə buraxılıb". Bu barədə Amerikanın Səsinə Etatist.com saytının redaktoru Kamran Həsənli bildirib.
Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılır.
Həsənli saytın əməkdaşlarına hücum çəkənlərin anarxist qrupun təmsilçiləri olduğunu deyib.
“Biz sağ-mərkəzçiyik, dövlətçiliyi müdafiə edirik. Onlar isə solçudurlar, anarxist qrupa aiddirlər. Bundan öncə də bizim tədbirlərə gəlib, toplantılarımızı pozmağa çalışıblar. Hücum edənlərdən biri Türkiyədə təhsil alan azərbaycanlı anarxist qruplarda Əliş adı ilə tanınan şəxsdir. Onlardan bəziləri PKK-nı müdafiə edirlər, dövlətçililiyə qarşıdırlar”, redaktor qeyd edib.
Hadisəni polis orqanlarından dəqiqləşdirmək hələ mümkün olmayıb.